"Səbail" baxışa yeni futbolçular dəvət edib. Matc.az saytının əldə etdiyi məlumata görə, paytaxt klubunun baş məşqçisi Aftandil Hacıyev İrandan gələn iki futbolçunu sınaqdan keçirir.
 
Bunlardan biri ötən ilin əvvəlində "Sumqayıt"da da baxışda olmuş, hətta bu klubla müqavilə imzalamış Peyman Keşavarzdı. Lakin bu klubla 6 ay + 1 illik müqavilə imzalayan futbolçunun ötən mövsümün gedişində artıq iki komandada (Omanın "Yasan Al-Vaste" və Cənubi Azərbaycanın "Göstəriş Fulad" komandalarında) oynadığı üzə çıxınca, sumqayıtlılar bu transferdən imtina etmişdilər.
 
İndi isə Peyman "Səbail"də özünü doğrultmağa çalışır. 24 yaşlı müdafiəçi Cənubi Azərbaycan nəhəngi "Traktor"un yetirməsidi. O, "Maşinsazi" və "İstiqlal" klublarında da forma geyinib.
 
"Səbail"in baxışdan keçirdiyi digər iranlı futbolçu isə Yusef Seyedidi. 24 yaşlı vinger "Göstəriş Fulad", "Maşinsazi", "Traktor" kimi Cənubi Azərbaycan klublarında forma geyinib. Onun son komandası da "Maşinsazi" olub. Seyedi İranın U-17 və U-20 yığmalarında da oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest