"Qəbələ" mövsümün ikinci yarısına hazırlığı davam etdirir. Matc.az xəbər verir ki, "qırmızı-qaralar" Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 6-ci gününü başa vurub.
 
Elmar Baxşıyevin yetirmələri günü bir məşqlə yekunlaşdırıblar. Hazırlıq prosesi günün ikinci yarısında gerçəkləşib. Meydançada məşq edən futbolçular toplu və topsuz çalışmaları yerinə yetiriblər. 
 
"Qəbələ" sabah Antalya toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirəcək. Yanvarın 14-də keçirilən ilk matçda Macarıstanın MTK klubu ilə üz-üzə gələn "qırmızı-qaralar" (0:3) Rusiya təmsilçisi "çayka" ilə qarşılaşacaq. Oyun "Titanik" meydançalarında baş tutacaq. Komandanın Antalyadakı ikinci qarşılaşmasına Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.
 
Pesçanokopskoyeni təmsil edən "çayka" klubunun əsası 1997-ci ildə qoyulub. 23 yaşlı klub Rusiya çempionatının 1-ci dəstəsində - Milli Futbol Liqasında mübarizə aparır. 25 oyunda 36 xal toplayan komanda cari mövsümün qış fasiləsinə 9-cu pillədə yollanıb. 
 
Xatırladaq ki, "Qəbələ" Antalyada daha iki yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda yanvarın 22-də Bolqarıstanın "Etar", 25-də bu ölkənin digər təmsilçisi "Dunav" ilə qarşılaşacaq.
 
Yoxlama oyunu
18 yanvar
 
19:00. Qəbələ – çayka (Rusiya)
"Titanik" meydançaları

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest