"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Türkiyənin Antalya şəhərində davam edən təlim-məşq toplanışı çərçivəsində Rusiyanın "Arsenal" (Tula) klubuna qarşı keçirdikləri yoxlama matçından sonra fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, komandasının 1:2 hesablı məğlubiyyətini belə şərh edib:
 
"Komandamın bu gün sərgilədiyi oyun məni sevindirdi. Məğlubiyyət üzücü olsa da, hesaba o qədər də önəm verməmək lazımdı. ötən qarşılaşmadan fərqli olaraq, bu gün daha hərəkətli idik. Uduzmağımıza baxmayaraq, futbolçulardan tələb etdiyim oyunu meydanda gördüm.
 
İkinci hissənin gedişində əsas heyətin çox hissəsini dəyişdik və bu, tempin azalmasına gətirib çıxardı. Lakin bu, hazırlıq matçıdı və belə halları normal qarşılamaq lazımdı.
 
İndiki mərhələdə əsas məqsədimiz komandamızın oyununu təkmilləşdirməkdi. Mövsümün ikinci yarısının ilk matçına qədər buraxdığımız səhvlər üzərində çalışmalıyıq və onları aradan qaldırmalıyıq.
 
İki gün sonra Slovakiyanın "Zemplin" komandasına qarşı matçımız var və inanıram ki, daha nizamlı, sürətli və diqqətli oynayacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest