Türkiyədə təlim-məşq toplanışında olan "Qəbələ" mövsümün ikinci yarısına hazırlığını davam etdirir. Matc.az xəbər verir ki, "qırmızı-qaralar" Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 13-cü gününü başa vurub. 
 
Komanda günü bir məşqlə yekunlaşdırıb. Elmar Baxşıyevin yetirmələrinin hazırlıq prosesi günün ilk yarısında gerçəkləşib. Məşq toplu və topsuz çalışmalardan ibarət olub.
 
"Qəbələ" hazırlığın 14-cü günündə növbəti yoxlama matçında qüvvəsini sınayacaq. "Qırmızı-qaralar" Antalyadakı sonuncu yoxlama oyununda Rumıniyanın "Konkordiya" klubu ilə üz-üzə gələcək. Görüş "Arkadia" meydançalarında baş tutacaq. Elmar Baxşıyevin yetirmələrinin qonşu ölkədəki 4-cü matçı Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.
 
Knyajnanı təmsil edən "Konkordiya" 1957-ci ildə yaradılıb. 63 illik tarixə malik klubun ən böyük uğuru Liqa kubokunun finalına yüksəldiyi 2015-2016-cı illər mövsümünə təsadüf edib. ötən mövsüm Liqa 1-də 14-cü yeri tutan komanda aşağı dəstəyə yuvarlanıb. Cari çempionatın 19 turunda 21 xal toplayan Knyajna təmsilçisi qış fasiləsinə 20 komanda arasında 16-cı yerdə yollanıb.
 
Xatırladaq ki, bunadək üç yoxlama oyunu keçirən "Qəbələ" Macarıstanın MTK (0:3), Rusiyanın "çayka" (3:0) və Bolqarıstanın "Etar" (0:0) klubları ilə üz-üzə gəlib.
 
Yoxlama oyunu
25 yanvar
 
18:30. Qəbələ - Konkordiya (Rumıniya)
"Arkadia" meydançaları.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest