Azərbaycan futbolu üçün tarixi bir gündü. Yığmamız "davam", yoxsa "tamam" sınağına çıxacaq.

UEFA tərəfindən yeni yaradılan Millətlər Liqası turniri bizim kimi ölkələrin Avropa çempionatında təmsil olunması baxımından şansdı. Millimiz də yer aldığı qrupda bu şansı sona qədər qoruyub. Geriyə boylanıb keçilən yola baxanda çatışmazlıqları, problemləri görməmək mümkün deyil.

Əslində, son tur öncəsi məhz biz qrup birincisi olmalı və Kosovoya bərabərlik məqsədi ilə yollanmalı idik. Autsayder Malta ilə görüşlərdə itirilən 4 xal qəbuledilməzdi. Amma bütün bunlar artıq arxada qalıb. çempionatımızın durumu, futbolçu qıtlığı, legioner azlığı... Bunların hamısı yığmaya təsirsiz ötüşməyə bilməz.

üstəlik, nəzərə alaq ki, baş məşqçi də dəyişib. Qurban Qurbanov isə hələ də öz fəlsəfəsini oturtmağa çalışır. O, səbirin qarşılığını artıq "Qarabağ"da verməyi bacarıb. İndi millidə də buna ehtiyacı var.

Futbolçulara fərdi şəkildə yanaşdıqda, Kosovo bizdən güclüdü. Onların Almaniya, İngiltərə, İtaliya, Türkiyə, Belçika, İsveçrə, Hollandiya, Danimarka kimi ölkələrdə çıxış edən legionerləri var. Rəqibin daxili çempionatda oynayan 1 futbolçusu, bizim isə cəmi 5 legionerimiz var. Onların da klublarındakı durumu göz önündədi.

Bütün bu amillərə əsasən Kosovo favoritdi. Amma bunun hamısı kağız üzərindədi. Futbolda isə o kağız üzərində yazılanı səhv çıxarmaq meydana ayaq basacaq 11 nəfərin əlindədi. üstəlik, Kosovoda onlar bunu azarkeş dəstəyi olmadan bacarmalıdılar.

Bizim üzərimizə düşən isə komandaya mənəvi dəstək olmaqdı. İndi "çepelər"i təkrarlamağın, keçmiş səhvləri "gözə soxmağın" vaxtı deyil. Qurban Qurbanovu və ya hansısa futbolçunu sevməyə, dəstəkləməyə bilərsiniz. Bu gün, o gün deyil. Bu gün birlik-bərabərlik günüdü, ölkənin mənafeyi naminə birləşmək günüdü. O komandanın hər birimizin duasına ehtiyacı olduğu gündü. çünki Azərbaycan yığmasının, həqiqətən də, tarix yaza biləcəyi bir gündü.

Ruslan SADIQOV

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest