Niderland nəhəngi "Ayaks"ın son illərdə parlayan ulduz futbolçularından olan Hakim Ziyexin yayda bu komandadan ayrılacağı bir neçə gün öncə dəqiqləşdi. Matc.az xəbər verir ki, 26 yaşlı mərakeşli karyerasını "çelsi"də davam etdirəcək.

Klublar hətta bu transferlə bağlı 44 milyon avroluq razılığa gəldiklərini də açıqlayıblar. Bu transferin açıqlanmasından sonra Ziyexlə bağlı yeni maraqlı faktlar da ortaya çıxmaqdadı.

Atası mərakeşli, anası niderlandlı olan Hakim, əslində çox çətin yetkinlik dövrü keçirib. O, doqquz qardaşın ən kiçiyidi. Həyatındakı ən çətin dövr isə onun atasını itirdiyi dövrə təsadüf edib.

"Bütün bunlar mənim 10 yaşım olanda baş verdi. Atam ağır xəstəlikdən əziyyət çəkirdi. Artıq yeyə, danışa və gəzə bilmirdi. Daha öncə infarkt da keçirmişdi. 2003-cü ilin dekabrı idi, atamın yanında oturarkən yuxuya getmişdim. Gecə yarısı oyandım və otağıma getdim. Bir neçə saatdan sonra qonaq otağında ailəmin ağladığını eşitdim. Düşdüm və atamın öldüyünü gördüm" - deyə, Ziyex bildirib.

Məhz bu hadisədən sonra Ziyex depressiyaya düşüb. O, nəinki məktəbə, hətta sevimli idman növü olan futbola da getməməyə qərar verib. İçki, siqaret və narkotik kimi pis vərdişlərə qurşanıb. Hakimi yenidən həyata qaytaran isə onun özünə müəllim, məşqçi və ata hesab etdiyi Aziz Doufikar olub.

Mərakeş yığmasında da oynamış keçmiş futbolçu, Ziyexin həmin günləri ilə bağlı bunları danışır: "Hakim yoldan çıxdı. İçdi, siqaret çəkdi, narkotik qəbul etməyə başladı. Amma ona kömək etdim. Futbol oynamaqdan qorxurdu və mən onu buna məcbur etdim. Xoşbəxtlikdən, sonda bunu bacardı".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest