"Sezar Meza Kollinin milliləşdiriləcəyini indi eşidirəm. Siz dediniz, mən də xəbər tutdum. Niyə belə qərar verildiyini bilmirəm". Bu sözləri matc.az saytına açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.

AFFA rəsmi saytı vasitəsilə "Keşlə"nin legioneri Sezar Meza Kollinin milliləşdirilməsi ilə bağlı məlumat yayıb. 2013-cü ildən ölkəmizdə çıxış edən paraqvaylı yarımmüdafiəçinin yığmamıza nə kimi fayda verəcəyi haqda danışan Mircavadovun fikrincə, komandaya MDB ölkələrində oynayan futbolçuları cəlb etmək lazımdır: "Açığı, mən həmişə yerli oyunçuların tərəfdarı olmuşam. Milliyə MDB-də oynayan azərbaycanlı futbolçuları cəlb etmək lazımdır. Əslində, heyət baş məşqçinin səlahiyyətində olacaq. Amma baş məşqçi kim olacaq, bilmirəm. Hazırda gələcəyi fikirləşmək lazımdır. Sizcə, Meza Kolli gəlsə, yığma daha da yaxşı oynayacaq? Yenə deyirəm, milliyə rəhbərliyi baş məşqçi edəcək. İndidən hər şeyi qabaqlamaq olmaz. Həmişə yerlilərin tərəfdarı olmuşam və olacam da. MDB məkanında çoxlu azərbaycanlı oynayır ki, nənə-babaları azərbaycanlıdır. Biz belə oyunçulardan istifadə etməliyik".

Məşqçilər Komitəsinin digər üzvü Şahin Diniyev isə Sezarın yaxşı futbolçu olduğunu deyib. Onun fikrincə, paraqvaylını heyətə cəlb etməklə, radikal dəyişiklik gözləmək yersizdir: "Nə deyim? Desək ki, milli daha yaxşı oynayacaq, daha yaxşı nəticə qazanacaq, inandırıcı görünməz. Bir oyunçu ilə necə edəsən? Açığı, çox şey danışmaq olar. Ancaq mən onun milliləşdirilməsini indi sizdən öyrəndim. Bu qərarı çox müsbət qarşılamıram. "Sevindim", "məmnun" oldum deyə bilmərəm. Yenə də uğurlar arzulayıram".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest