"Meza Kollinin milliləşdirilməsi məsləhət görülübsə, yəqin ki, bir bildikləri var. Sezar fərq yaradan futbolçudur. Olduqca səviyyəli oyunçudur. Mən onu "Zirə"də oynayandan tanıyıram. Hər klub, yığma heyətində elə futbolçu olmasını istəyər. Sezarın dil problemi yaşacağını düşünmürəm. Biz onunla hər gün Azərbaycan dilində danışırıq. Məncə, milliləşdirilsə, yığmamıza faydalı olar. O, insan kimi də çox yaxşı biridir"

Bu sözləri matc.az saytına "Keşlə"nin hücumçusu Vüsal İsgəndərli deyib. O, daha sonra belə davam edib:

"Milli komanda klub deyil. Burada dövlətə, bayrağa görə oynayırıq. Təbii ki, millidə yerli futbolçuların olması yaxşıdır. Mən də hamı kimi həmin mövqedə Elvin Camalovun, Vüqar Mustafayevin olmasını istəyərəm. Yazılanları oxuyuram. Hər kəs deyir ki, damarında azərbaycanlı qanı axan oyunçular dövlət, milli üçün daha yaxşı oynayar. Bunları başa düşmək olar. ümid edirəm ki, layiq olan bütün azərbaycanlı futbolçular bir gün milliyə dəvət alar. Ancaq mən yalnız öz komanda yoldaşım barəsində onu deyim ki, Meza Kolli bizə lazımlı futbolçudur. Biz Sezar səviyyəsindəki oyunçuya "yox" deyə bilmərik. Bu barədə nə qərar verilsə, hörmətlə yanaşmalıyıq. O, 7 ildir Azərbaycanda oynayır. Hər kəs də onun necə çıxış etdiyini gözəl bilir".

Milli komandamızın üzvü "Keşlə"nin son iki görüşdən məğlub ayrılmasından da danışıb. İsgəndərli komandada arxayınlıq yarandığını düşünmədiyini söyləyib:

"Keşlə"də arxayınçılıqdan söhbət belə gedə bilməz. Bu komanda ötən mövsüm sonuncu yeri tutub. İndi arxayınlıq necə yarana bilər ki? İlk dövrə bir az yaxşı çıxış etməklə rahat davranmaq olmaz. Biz hələ heç nə etməmişik. Aldığımız iki məğlubiyyət də oynumuza görə oldu. çünki həqiqətən də zəif çıxış etdik. Bizi ən çox məyus edən budur. Növbəti turda "Zirə" ilə qarşılaşacağıq. Bu matça çox yaxşı hazırlaşmışıq. ümid edirəm ki, oyundan qələbə ilə ayrılacağıq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest