Futbol üzrə İtaliya kubokunun yarımfinalında "Yuventus"la "Milan" arasında keçirilməli olan cavab qarşılaşması təxirə salınıb. Matc.az xəbər verir ki, sözügedən matç bu gün – martın 4-də keçirilməli idi.
 
Lakin ölkə ərazisində koronavirusun sürətlə yayılması səbəbindən İtaliya Futbol Federasiyası bu qarşılaşmanın da təxirə salınmasına qərar verib. "Football Italia" nəşrinin yazdığına görə, Turində keçirilməli olan görüşün hansı tarixə təyin olunacağı hələ bilinmir.
 
Xatırladaq ki, Milanda keçirilən ilk oyunda bu komandalar heç-heçəyə razılaşmışdılar - 1:1.
 
İtaliyada koronavirus səbəbindən daha öncə A Seriyasında xeyli matç təxirə salınmışdı. Martın 3-nə olan məlumata görə, bu ölkədə virusa yoluxanların sayı 2 mini keçib, 79 nəfər isə dünyasını dəyişib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest