"Milli komandamızın Avro-2020-nin seçmə mərhələsindəki hansısa oyununun yerinin dəyişdirilməsi gündəmdədi. Hər iki matçın səfərdə olması söhbət mövzusu deyil. Sadəcə, görüşlərin yerləri dəyişdirilə bilər". Bu sözləri matç.az saytına açıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla deyib.

Gələn il mayın 29-da Avropa Liqasının final oyununun Bakıda keçiriləcəyi nəzərə alınaraq, UEFA-nın Təşkilat Komitəsinin planına uyğun hazırlıq işləri ilə əlaqədar gələn ilin mart ayından etibarən Bakı Olimpiya Stadionu digər tədbirlər üçün qapalı olacaq. 2020-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin böyük azarkeş kütləsinin izləməsi ehtimal olunan ev oyunu təqvimə əsasən 2019-cu ilin mart-may aylarına təsadüf edərsə, həmin qarşılaşmanın səfərdə keçirilməsi ilə  bağlı AFFA tərəfindən UEFA-ya müvafiq qaydada müraciət olunub.

Firuz Abdulla bunun yalnız top-komandalar üçün keçərli olduğunu söyləyib: "Bu, hər komandaya aid deyil. Hansı komanda ilə matçımıza 50-60 min azarkeşin gəlmək ehtimalı var, məhz onlarla qarşılaşmanın yeri dəyişdirilə bilər. Mart-may aylarında nisbətən zəif yığmalarla düşsək, Bakıda da oynaya bilərik".

Departament rəhbəri ikinci variant kimi Tofiq Bəhramov adına Respublika Stadionunu seçməmələrinə də aydınlıq gətirib: "Bildiyiniz kimi, Avro-2020-nin oyunlarının bəziləri Bakı Olimpiya Stadionunda keçiriləcək. UEFA-nın tövsiyəsi var ki, o zamana qədər həmin arenada oyunlar olsun. Bu da bir növ qitə birinciliyinə hazırlıq xarakteri daşıyır. Böyük komandalarla oyunlarda həm də stadionu test etmək olur".

Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi dekabrın 2-də İrlandiyanın Dublin şəhərində keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest