UEFA futbol üzrə Çempionlar Liqası və Avropa Liqasının pley-off mərhələsinin oyunlarını yeni formatda davam etdirməyə hazırlaşır

UEFA futbol üzrə çempionlar Liqası və Avropa Liqasının pley-off mərhələsinin oyunlarını yeni formatda davam etdirməyə hazırlaşır. 
 
Matc.az xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırılan bu turnirləri yekunlaşdırmaq üçün müxtəlif ideyalar gözdən keçirilir.
 
Xarici mətbuatın iddiasına görə, UEFA hazırda hər iki turniri "dördlər final"ı ilə başa vurmağa hazırlaşır. Yarımfinala çıxacaq komandalar öncə bir oyunda finalçını müəyyənləşdirəcəklər, daha sonra həlledici qarşılaşma baş tutacaq. Hər üç oyunun finala ev sahibliyi edəcək şəhərlərdə təşkili nəzərdə tutulub. 
 
Qeyd edək ki, çL-in finalı Türkiyənin İstanbul şəhərində, Avroliqanın həlledici görüşü isə Polşanın Qdansk şəhərində təşkil olunacaq. Bu isə o deməkdi ki, dördlər finalı da məhz sözügedən şəhərlərdə baş tutacaq.
 
UEFA-nın bu ideyanı martın 17-də keçiriləcək xüsusi toplantıda müzakirəyə çıxaracağı bildirilir. Quruma üzv olan 55 ölkənin futbol federasiyalarının da qatılacağı iclasda səsvermə təşkil olunacaq.
 
Ən aktual məsələ isə, həm Avroliqa, həm də çL-də nəinki yarımfinalçıların, hətta 1/4 finalçıların da hələ müəyyənləşməməsidi. Böyük ehtimalla 1/4 final mərhələsi də bir görüşdən ibarət olacaq. Bu matçın neytral meydanda və ya püşk yolu ilə ev sahibini müəyyənləşdirməklə təşkili mümkündü.
 
Qeyd edək ki, hələlik çempionlar Liqasında 1/8 final mərhələsinin 4 cavab oyunu keçirilib. Növbəti mərhələyə Fransanın PSJ, Almaniyanın "Leyptsiq", İspaniyanın "Atletiko" və İtaliyanın "Atalanta" klubları çıxıb. Qalan oyunlardan "Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya) və "Yuventus" (İtaliya) – "Olimpik" (Lion, Fransa) görüşləri qeyri-müəyyən vaxta təxirə salınıb. "Bavariya" (Almaniya) - "çelsi" (İngiltərə) və "Barselona" (İspaniya) - "Napoli" (İtaliya) qarşılaşmaları qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
 
Avroliqada isə ümumiyyətlə heç bir 1/4 finalçı bəlli deyil. Hətta 1/8 finalın ilk oyunları çərçivəsində keçirilməli olan "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) və "Sevilya" (İspaniya) - "Roma" (İtaliya) görüşləri baş tutmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest