Hazırda biz "Neftçi"dən, "Sumqayıt" "Keşlə"dən 7 xal geridədir. "Qarabağ" isə ikincidən 8 xal öndədir

"Koronavirusla evdə oturaraq mübarizə aparırıq. Fərdi şəkildə olsa da, məşq etməyə çalışıram. Ancaq etiraf edim ki, rejim pozulub. Yuxudan hələ indi dururam. Axşamlar çöldə qaçmağa çalışıram. Əslində, səhər də bunu etmək lazımdır. Ancaq səhərlər adam çox olur, polislər çıxmağa qoymur. Buna görə də gecə saatlarında çıxıb qaçıram"

Bu sözləri matc.az saytına milli komandamızın və "Keşlə"nin hücumçusu Vüsal İsgəndərli deyib. 24 yaşlı futbolçu çempionatın bərpa edilməsindən sonra formaya düşməyin çətin olduğunu bildirib:

"Təbii ki, əvvəlki kimi çıxış etmək çətin olacaq. Ancaq bu, hamıya aiddir. çünki hazırda hər kəs dayanıb. Heç bir komanda məşq etmir. Oyunçular yalnız fərdi şəkildə hazırlaşır. Yəqin ki, xəstəlik bitdikdən sonra əvvəlkindən daha çox çalışmalı olacağıq. Açığı, özüm də çox narahatam. çox yaxşı formada idim, belə olmağı pis oldu".

İsgəndərli çempionatın dayandırlması və qalibin erkən elan olunması barədə çıxan söz-söhbətləri isə belə münasibət bildirib:

"Bu haqda heç nə demək olmur. Biz də bu xəbərləri mətbuatdan oxuyuruq. Demək olar ki, hər gün yeni bir şey yazılır. Hazırda biz "Neftçi"dən, "Sumqayıt" "Keşlə"dən 7 xal geridədir. "Qarabağ" isə ikincidən 8 xal öndədir. Hamı bir-birinə eyni məsafədə dayanıb. Qəribə bir vəziyyət yaranıb. Ona görə də nəsə demək çətindir".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest