09 Aprel 2020, 22:56
DİGƏR
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 9 aprel - Beynəlxalq Təmiz İdman gününə həsr olunmuş kampaniyaya başlayıb.
Matc.az AMADA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycanın 12 idmançısı - İlham Zəkiyev, Hacı Əliyev, Rəsul çunayev, Fəridə Əliyeva, Fuad Qurbanov, Aynur Məmmədova, Nazim Babayev, Ayan Xankişiyeva, Siyana Vasileva, Kamran Şahsuvarlı, Rüstəm Orucov və Ruslan Abışovdan ibarət İdmançılar Məsləhətçi Komissiyası da kampaniyaya qoşulub.
Onlar idmanın ruhu və mahiyyəti olan etika, ədalətli oyun və dürüstlüyə hörmətlərini nümayiş etdiriblər. Sosial özünütəcrid mühitindən təsirlənmələrinə baxmayaraq, idmançılar dəstək və birliklərini göstəriblər.
Müxtəlif yaş qrupları, idman növləri, millət və cinsindən olan idmançılar təmiz və təhlükəsiz idman şüarları ilə markalanmış xüsusi ruhlandırıcı videoda iştirak etmək təşəbbüsü ilə razılaşıblar. Topu havada saxlayaraq onu digər idmançıya ötürmək məqsədilə videoda nümayiş etdirilən hərəkətlər ümumi antidopinq ictimaiyyətinin idmanda dopinqlə birlikdə mübarizəsini əks etdirir.
Qeyd edək ki, Təmiz İdman günü idmançılar, idman ictimaiyyəti və digərləri arasında dopinqə qarşı qlobal mübarizə haqqında məlumatlandırma məqsədini daşıyır. Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) dopinqlə mübarizənin daha bir ilini və qlobal şəkildə təmiz idman konsepsiyasını davam etdirir.