Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə karantin dövründə şahmatçıların oyun praktikasının qorunması üçün "Evdə qal, həyatları xilas et" şüarı altında layihəyə start verilir

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə karantin dövründə şahmatçıların oyun praktikasının qorunması üçün "Evdə qal, həyatları xilas et" şüarı altında layihəyə start verilir.
 
Matc.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, layihə çərçivəsində ilk olaraq Beynəlxalq Şahmat Federasiyasının və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədovun təşəbbüsü ilə internet üzərindən superblits üzrə Birinci Azərbaycan Kuboku təşkil olunacaq.
 
"Chess24.com" portalı üzərindən keçiriləcək yarışa qeydiyyat 15 aprel, saat 22:00-da başa çatacaq. Yarış aprelin 16-da saat 19-da start götürəcək.
 
İsveçrə sistemi üzrə baş tutacaq turnir 17 turdan ibarət olacaq. İştirakçılara hər oyun üçün 1 dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün 1 saniyə əlavə vaxt veriləcək.
 
Qeyd edək ki, yarışın ümumi mükafat fondu 15000 manat təşkil edir. Qalib 3000 manat qazanacaq. 
 
Qadın iştirakçılar arasında ən yaxşı nəticə göstərən şahmatçı 1000 AZN əldə edəcək. Eyni zamanda 16 yaşadək olan və FIDE əmsalı 2200-dən az olan şahmatçılar arasında ən yaxşı nəticə göstərən dörd iştirakçı üçün mükafatlar nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest