"Qarabağ"ın kapitanı Rəşad Sadıqov daha bir tarixi göstəriciyə imza atır. Matç.az saytı xəbər verir ki, Azərbaycan millisində 100 və daha çox oyun keçirən yeganə futbolçu kimi tarixə düşən 36 yaşlı müdafiəçi avrokuboklarda da bu rəqəmi fəth edir.

Belə ki, Avropa Liqasının qrup mərhələsinin "Sportinq"lə noyabrın 29-da keçiriləcək görüşü Rəşadın qitə miqyaslı klub turnirlərində 100-cü matçı olacaq. Portuqaliya təmsilçisi ilə qarşılaşma ərəfəsində futbolçunun hesabında 99 oyun və 7 qol var.

Bu göstəricidə Azərbaycan futbolçuları arasında mütləq rekordçu olan Sadıqov Bakı Olimpiya Stadionundakı görüşə çıxmaqla yubiley – 100-cü oyunun iştirakçısı olacaq. Rəşad üçrəqəmli ədədə 17 ilə çatıb.

2001-ci il avqustun 9-da "Neftçi"nin UEFA kubokuna "Qoritsa" ilə evdə keçirdiyi görüş 19 yaşlı müdafiəçinin debütü kimi yadda qalıb. Sloveniya klubu ilə qolsuz heç-heçədən sonra UEFA kuboku Avropa Liqasına çevrilib, Rəşad "Neftçi"dən başqa "Kayserispor" və "Qarabağ"da çıxış edib. "Qoritsa" ilə matçda onunla komanda yoldaşı olan Qurban Qurbanov da artıq neçə vaxtdı baş məşqçisidi.

99 oyunu üç klubda keçirən müdafiəçi 5 dəfə legioner kimi – Türkiyə "Kayseripor"unda meydana çıxıb. Azərbaycan klubları ilə 95-ci sınağa hazırlaşan Rəşad "Neftçi"də 18 matçda 2 qol vurubsa, "Qarabağ"da 76 görüşdə 5 dəfə fərqlənib.

Müdafiəçi üç müxtəlif turnirdə oynayıb. O, çempionlar Liqasında 31, əvvəl UEFA kuboku, sonradan Avropa Liqası adlanan turnirdə 58, İntertoto kubokunda 10 oyunda forma geyinib. Rəşad qollarından 6-nı Avropa Liqası, 1-ni İntertoto kubokunda vurub.

Qeyd edək ki, Rəşad 1 mövsüm çempionlar Liqasında, 4 mövsüm Avropa Liqasında qrupa qədər irəliləyib və əsas mərhələnin həyəcanını yaşayıb. Bu uğurların hamısı indiki klubu "Qarabağ"ın heyətində gerçəkləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest