"İndiki məqamda rəsmi təklifi yoxdur. Deyir ki, yayda özünə klub tapıb oynayacaq. Hələ ki gözləyirik"

"Oğlum hazırda Tovuzdadır, karantinə görə evdə fərdi məşq edir. Buna qədər isə rayon meydançalarında çalışırdı".
 
Matc.az xəbər verir ki, bu sözləri Portuqaliya "Sportinq"inin B komandasının sabiq futbolçusu Budaq Nəsirovun atası Hikmət Nəsirov deyib.
 
24 yaşlı yarımmüdafiəçi bir vaxtlar Azərbaycanda gələcək vəd edən oyunçular arasında göstərilirdi. Lakin o, 2019-cu ilin yayında "Zirə" ilə yollarını ayırdıqdan sonra klubsuz qalıb. Atası Budaq Nəsirovun komanda tapa bilməməsini bu cür izah edib: "Bəzi problemlər oldu, karyerası istədiyi kimi alınmadı. Amma qışda Türkiyə və Azərbaycandan təklifləri var idi, söz vermişdilər. Sonradan elə oldu ki, danışıqlar baş tutmadı".
 
H.Nəsirov bildirib ki, futbolçu yay "transfer pəncərəsi"ni gözləyir: "İndiki məqamda rəsmi təklifi yoxdur. Deyir ki, yayda özünə klub tapıb oynayacaq. Hələ ki gözləyirik. Görək, necə olur. Açığı, Budaq kimi futbolçunun kənarda qalmasına pis oluram".
 
Qeyd edək ki, "Turan"ın yetirməsi olan Budaq Nəsirov "Araz-Naxçıvan", "Sumqayıt" və "Kəpəz" klublarının da formasını geyinib. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında çıxış etmiş yarımmüdafiəçi 2016-cı ildə əsas milliyə də dəvət alıb. (report)
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest