Türkiyənin "Dənizlispor" klubu ilə müqaviləsini birtərəfli qaydada ləğv edən polşalı qapıçı Adam Staxovyak bunun səbəblərini açıqlayıb.
 
Matc.az xəbər verir ki, sosial şəbəkə hesabında yaydığı açıqlama ilə bütün suallara aydınlıq gətirən 33 yaşlı futbolçu aprelin 22-də verdiyi qərarını belə şərh edib:
 
"öncə bütün türklərin Ramazan ayını təbrik edirəm. Son günlərdə müqaviləmə xitam verməyimlə əlaqədar müxtəlif xəbərlərə rast gəldiyim üçün, bu açıqlamaya ehtiyac duydum. "Dənizlispor"un açıqladığı kimi iki aylıq maaşımı tələb edib, fürsətdən yararlanmamışam. Əslində, üç aylıq maaş alacağım vardı. Yanvar, fevral və mart ayının maaşını almamışdım. Bu üzdən də hüququmdan istifadə edərək, 15 günlük vaxt verdim. Həmin müddət də tamam olandan sonra müqaviləmi ləğv etdim. Klubdan ayrılmağı çox istəsəydim, bunu ötən mövsüm altı aylıq maaş borcu yaranan dövrdə edərdim. Amma etmədim. çünki karyeramda heç vaxt müqaviləmi təktərəfli ləğv etməyin tərəfdarı olmamışam. İndi isə bunu etməyə məcbur qaldım. Əsas məqsədim isə yenə də kluba daha çox zərər verməmək olub. Karyeramın ən unudulmaz iki ilini məhz "Dənizlispor"da keçirdim. Bu komandanı və azarkeşlərimizi heç zaman unutmayacağam".
 
Qeyd edək ki, Staxovyak "Dənizlispor"da 2018-ci ildən forma geyinirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest