Fransanın PSJ klubunun Liqa 1-də 2019/20 mövsümünün çempionu olması rəsmiləşib. Matc.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.
 
Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan Fransa çempionatında mövsümün davam etdirilməsinə ölkə rəhbərliyi icazə verməyib. Fransanın baş naziri Eduard Filipp ölkədə bütün kütləvi idman tədbirlərinin, eyni zamanda Liqa 1 və Liqa 2-də cari mövsümün yekunlaşdığını açıqlamışdı. 
 
Bu gün isə turnirin rəsmi saytı da bu barədə yekun qərarını açıqlayıb. 27 turdan 68 xal toplayan PSJ yarımçıq qalan mövsümün qalibi elan olunub. Bu, PSJ-nin liqada ardıcıl 3-cü, ümumilikdə isə 9-cu çempionluğudu. 28 qarşılaşmada 58 xal toplayan "Marsel" 2-ci, 50 xalı olan "Renn" isə üçüncü yeri tutub. 
 
Fransanı avrokuboklarda təmsil edəcək komandaların adlarına da aydınlıq gəlib. "Marsel" PSJ ilə birlikdə çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq. 3-cü sıradakı "Renn" çL-in pley-off mərhələsində çıxış edəcək. "Lill", "Reyms" və "Nitsa" isə Avropa Liqasında iştirak hüququ qazanıb.
 
Turnir cədvəlinin son 2 pilləsində qərarlaşan "Amyen" və "Tuluza" Liqa 2-yə düşüb. Əvəzində isə aşağı dəstənin çempionu "Loryan" və 2-ci sırada qərarlaşmış "Lans" elitaya yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest