Koronavirus pandemiyasına görə, ölkəmizdə də futbol yarışları dayandırılıb. Matc.az xəbər verir ki, Peşəkar Futbol Liqasının (PFL) bir neçə gün öncə yaydığı məlumatda əsas liqadakı oyunların mayın 23-dən etibarən başlanacağı qeyd edilib.
 
"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov cebhe.info-ya müsahibəsində koronavirusa görə oyunların təxirə düşməsindən, karantin günlərini necə keçirməsindən və bu kimi digər məsələlərdən danışıb:
 
- Koronavirusa görə çempionat dayandırılıb. Uzunmüddətli fasilədən sonra futbolçuların oyunlara adaptasiya prosesi nə qədər çəkəcək?
- Bunu indidən demək bir az çətin məsələdir. İki aylıq fasilədən sonra çətinlik həddən artıq çoxalacaq. Komandanı motivasiya etmək, funksional, fiziki, psixoji hazırlıq, bunlar hamısı bu dəqiqə elə vəziyyətdədir ki... Bilirik ki, futbolçuların fiziki yox, psixoloji durumunu hazırlamaq daha çətin olacaq. Futbolçuların özü ilə söhbət edəndə də görürsən ki, qapalı həyat tərzi, evdə oturmaq onların psixologiyasına çox pis təsir edib. Təzədən onları meydançaya çıxarıb, məşqdən sonra psixoloji cəhətdən yaxşı həddə çatdırmaq çətin məsələdir.
 
Sözsüz ki, bu fasilə futbolçulara böyük təsir göstərəcək. çempionat pik nöqtədə dayandı. Təzədən o formanı yığşdırmaq psixoloji cəhətdən böyük zərbə olacaq. Hər-halda çalışacağıq ki, bu tədricən aradan götürülsün. Elə bir vəziyyətdir ki, bu nə bizim, nə futbolçuların günahı ucbatından deyil. Təbii hadisədir. Bunu da hamımız dərk etməli, normal şəkildə işimizi davam etdirməliyik. Lakin hər halda, dediyim kimi bu fasilə öz təsirini böyük ölçüdə göstərəcək.
 
- Bəs avrokuboklara vəsiqə qazansanız necə, yenə də eyni çətinlik olacaqmı?
- Hələlik bilinmir. çünki qarşıda 8 tur var. İstər-istəməz hamıya çətinlik yaradacaq. Tək bizdə yox, bütün dünyada vəziyyət belədir. Bu bütün klublara təsir edəcək. çətinliyi də nəzərə almalıyıq. Düşünürəm ki, işimizi yaxşı qursaq, məşqlər davamlı getsə, təlim-məşq prosesləri dayanmasa, işimizi normal vəziyyət gətirib çıxara bilərik.
 
- Bu il avrokubokların keçirilməsini gözləyirsinizmi?
- Vallah, inandırıcı görünmür. Makronun bir müraciətini izlədim. Müraciətində deyirdi ki, yerli çempionatlar ümumiyyətlə, dayansın. Bu nöqteyi-nəzərdən bir çox ölkələrdə çempionatlar ləğv olunub. Fikirləşirəm ki, mənim də yaşlı anam var. İkinci dalğa olacağı deyilir. Allah uzaq etsin, ikinci dalğa gəlsə, daha çox fəsadları ola bilər. Buna görə də kütləvi yarışların bəziləri artıq dayandırılıb. İnanmıram ki, sentyabra qədər avrokubok oyunları olsun. Bu bəla elə bir bəladır ki, yayılma ehtimalı daha çoxdur. Hər halda, dövlət başçıları da insanların sağlamlığını düşünür. Bizim də dövlət başçımız insanların sağlamlığını düşünüb, bu sahədə tədbirlər görür. Virusa yoluxma və ölmə minimum səviyyədədir. Buna görə də Prezidentə təşəkkür düşür. Düşünürəm ki, çempionat başqa ölkələrdə keçirilsə belə, avrokuboklar bir müddət keçirilməyəcək.
 
- Məşqlər nə zaman başlayacaq?
- Karantin götürüləndən sonra. Bizə deyiblər ki, mayın 4-dən sonra başlaya bilərik. Bu Operativ Qərargahın verdiyi qərardan asılıdır. Ayın 5-nə planımızı qurmuşuq. İndi nə olacaqsa, hamımız biləcəyik və ona uyğun davranacağıq.
 
- çempionat bərpa olunsa, oyunlar azarkeşsiz keçirilə bilər. Buna münasibətiniz necədir?
- Belə götürsək, bizdə onsuz da o qədər də azarkeş gəlmir ki. Amma indiki vəziyyətdə insanların sağlamlığı birinci növbədədir. Hər birinin öz ailəsi var. Hər hansı biri virus tutarsa, digər ailə üzvlərinə də keçirə, yoluxma halı arta bilər. İlk növbədə sağlamlığı düşünməliyik. Düşünürəm ki, az fanat gəlsə belə, bir müddət oyunlar azarkeşsiz oynanılmalıdır. Heç kim meydançaya buraxılmamalıdır. Hər-halda bu da bir sual yaradır ki, azarkeşi meydançaya buraxmırıq, amma futbolçuların da kontaktları olacaq axı.
 
- Futbolçular karantinə görə evdə məşq etməyə məcbur oldular. Oyunçuların məşq prosesinə nəzarət mexanizminiz necədir?
- Bəzi onlayn proqramlar var, onlar vasitəsilə məşqlərimiz keçir. Bu gün də saat 6-da məşqimiz var. üç gün məşq, bir gün istirahət olur. Futbolçuların məşq prosesini izləyirik. çempionat 23-ü başlasa, bu o deməkdir ki, məşqə rəsmi şəkildə başladıqdan sonra bizim 18 gün vaxtımız qalır. Biz nə qədər çalışsaq da, fiziki durumu gətirib o mərhələyə çatdıra bilmərik. Ağır yüklənmək olmaz, çünki çempionat oyununda bu futbolçular üçün çətinlik yaradar. Tədricən bu işi görürük. Əsas iş futbolçuların çəkisini normal saxlamaqdır. Futbolçular kökəlməyə meyillidir. Evdə çox gəzə bilmirsən. Buna görə də çəki problemi yarana bilər. çəkini də minimumda saxlamaq lazımdır ki, sonrakı mərhələlərdə nəzarəti özümüz edə bilək.
 
- Maraqlıdır, özünüz karantin dövrünü necə keçirirsiniz? Futbol üçün darıxırsınızmı?
- Tək futbol üçün yox, dost-tanış üçün də darıxırsan. Onlayn danışırsan, amma ünsiyyət tamamilə başqa şeydir. Artıq qapalı həyata qapılmışıq. Telefonla danışsaq da, o ünsiyyət, rahatlıq yoxdur. Amma işimiz üçün əlbəttə, çox darıxıram. Nə qədər evdə oturmaq olar? Nə qədər kitab oxumaq olar? İstər-istəməz insanın beyni yorulur. Təmiz havaya çıxıb gəzməkdən məhrum olmuşuq. çox səbrsizliklə işimizin başlanmasını gözləyirəm.
 
- çempionat başlasa, turnir cədvəlindəki ən yaxın rəqibiniz "Neftçi" ilə xal fərqinizi minimuma endirə bilərsinizmi?
- Hazırda onu fikirləşmirəm. Əsas çempionat başlasın. Hər şey dəyişə bilər. İndi bunu sözlə demək çətindir. İş başlayanda hamı üçün eyni olacaq. Bizim də istəyimiz odur ki, turnir cədvəlində mükafatçılar sırasında olaq. 8 turda çalışacağıq ki, gücümüzün daha çoxunu ortaya qoyaq. Hər halda, istəyərik ki, ön pillələrdə olaq.
 
- çempionat vaxtından öncə ləğv edilsə, "Qarabağ" çempion elan edilsə, bununla razılaşarsınızmı?
- öncə deyim ki, dövlət bir qərar versə, biz ona iki əlli razı olmalıyıq. çünki ilk növbədə sağlamlıqdır. Deyilsə ki, çempionat ləğv edilir, "Qarabağ" çempiondur, hamımız onu dəstəkləməliyik. Tək o demək deyil ki, biz "Qarabağ"a çatacağıq və ya "Neftçi"nin çatmağa şansı vardı. Artıq o qərar qəbul olunubsa, onu dəstəkləməliyik.
 
- Məlum məsələdir ki, karantin səbəbilə iqtisadi vəziyyət ürəkaçan deyil. Bir çox ölkələrdə futbolçuların maaşı kəsilib, bəzilərində gecikmələr olur. Bəs "Keşlə"də vəziyyət necədir?
- ümumiyyətlə, müqavilə əsasında kimə nə qədər verilməlidirsə, o qədər də ödənilir. Gecikməmiz də olmayıb. Maaşlar vaxtında verilib, ödənilib. Bizdə elə bir problemlər yaşanmayıb. Kəsilmə, azalma qarşılıqlı müzakirələrdən sonra ola bilər. Gələcək nə göstərəcək, onu yaşayıb bilərik.
 
- Mövsüm sonunda müqaviləsi bitən futbolçuların durumu necə olacaq?
- Bu məsələlərdə klub daxilində, rəhbərlik tərəfindən oturulub müzakirələr olunur. Mart ayından bu yana klub bütün futbolçuların əməkhaqqını ödəyir. Evdə oturub əməkhaqqımızı almışıq. Buna görə də UEFA bu barədə bəzi məsələləri gözdən keçirir. O iki ayı oynayacaqları iki ay ilə kompensasiya etmək olar. Futbolçu kluba ziyan vura bilməz. Bu qarşılıqlı şəkildə danışılacaq. Məncə, heç bir rəhbərlik futbolçunu yarı yolda qoymayacaq. Nə də ki, futbolçular indiki vəziyyətdə klubu atıb getməz. İki ay evdə oturub əməkhaqqımızı almışıqsa, növbəti iki ayda da komanda üçün oynamalıyıq.
 
Bunu insani cəhətdən, bizə edilən yaxşılığın müqabilində etməliyik. O ki qaldı, kiminsə müqaviləsi bitəcək, qalmaq istəməyəcək, ona məcburiyyət olmayacaq. Fors-major hallarda hər iki tərəf bu məsələlərdə anlaşır. İndiki zamanda klubun da, futbolçunun da haqqına girə bilmirsən. Klubun da futbolçular üzərində haqqı var. Əməkhaqqını kəsməyib, vaxtında ödəyibsə, demək, hər şey qarşılıqlı olmalıdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest