"Talisson Auqustonun komandaya keçidi barədə bizə rəsmi bir şey deyilməyib. Ancaq idman departamenti transfer işi ilə məğuldur. Hazırda bir çox futbolçu ilə danışıq aparırıq. Təmasa keçdiyimiz 4-5 oyunçu var ki, onların adı hələ mətbuatda yazılmayıb. Bu futbolçuların çıxış etdiyi klublarda çempionat davam etdiyi üçün isimlərini açıqlamağımız doğru olmaz"

Bu sözləri matc.az saytına "Neftçi"nin Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev deyib. Klub rəsmisi heyətdən gedəcək hər oyunçunun yerinə ən az o səviyyədə futbolçu cəlb ediləcəyini bildirib:

"Neftçi"dən ayrılan hər oyunçunu yerinə transfer olacaq. Uzun müddətdir bu məsələlər müzakirə edilir. Hazırda müqaviləsi bitən oyunçular var. Eləsi var ki, gəlib özünə klub tapdığını və razılığa gəldiyini deyir. Bəzilərinin isə müqaviləsi bitsə də, onları indidən göndərə bilmirik. çünki məşqçilər heyəti son səkkiz tura baxıb bu oyunçular haqda qərar verməlidir".

Allahverdiyev indiki dönəmdə qeyri-müəyyənliyin olduğunu sözlərinə əlavə edib: "Gedən və ya gələn futbolçular haqda hələ ki, konkret bir qərar yoxdur. Elə bir vəziyyət yaranıb ki, məşqçilər heyəti də qəti nəsə deyə bilmir. Qeyri-müəyyənlik dönəmi yaşanır. Bu səbəbdən də hamı öz işində diqqətli olmalıdır. Bununla yanaşı, idman departamentimiz məşqçilər heyətinin rəyi əsasında oyunçu axtarışlarını davam etdirir. Hansılar rəsmiləşəcəksə, bu barədə açıqlama veriləcək".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest