Koronavirus pandemiyası ilə əlaqədar martın 12-də dayandırılan MLS-də mübarizə fərqli formatla bərpa olunacaq.
 
Matc.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
 
"MLS geri döndü" adı verilən yeni yarış ABŞ-ın Orlando şəhərində, "ESPN Wide World of Sports Kompleksi"ndə təşkil olunacaq. İyulun 8-də startı veriləcək turnirdə Şərq və Qərb konfranslarındakı 26 klub mübarizə aparacaq. İştirakçı komandalar 6 qrupa bölünəcək. Qrup mərhələsini ilk iki pillədə başa vuranlar, eləcə də ən yaxşı dörd qrup üçüncüsü 1/8 finala vəsiqə qazanacaq. Pley-off oyunları da tək qarşılaşmadan ibarət olacaq və əsas vaxtı heç-heçə bitən qarşılaşmaların qalibləri birbaşa penalti seriyasında müəyyənləşəcək. Avqustun 11-də baş tutacaq final qarşılaşmasında qalib gələcək komanda 2021-ci ilin KONKAKAF çempionlar Liqasında iştirak hüququ qazanacaq.
 
Qeyd edək ki, MLS-də 2020-ci il mövsümü cəmi iki turun oyunları keçirildikdən sonra koronavirusa görə dayandırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest