"Dünənki yoxlama görüşündə ilk hissə meydanda oldum. Uzun müddət məşqsiz qaldığımız üçün biraz çətinlik olur. Düzdür, evdə hazırlıq edirdik. Ancaq komanda ilə məşq etmək başqadır. Vaxt keçdikcə daha yaxşı olacağıq. Şənbə-bazar sərt karantin rejimi tətbiq ediləcəyi üçüb həftəiçi sıx qrafikdə oynayacağıq. çalışıb zədədən qaçmalıyıq"

Bu sözləri matc.az saytına "Zirə"nin yarımmüdafiəçisi Elvin Camalov deyib. O, zədəyə, ağrıya baxmayaraq, Premyer Liqanın davam etməli olduğunu vurğulayıb: "Futbolda belə şeylərdən qaçmaq mümkün deyil. Biz çempionatın oynanılmasını istəyirik. Mübarizə aparıb, Avrokuboklara vəsiqə qazanmaq niyyətindəyik".

25 yaşlı futbolçu havaların isti keçməsinə də toxunub: "Dünənki oyunda havanın isti olması müəyyən qədər çıxışımıza təsir etdi. Ona görə də bir hissə oynamağım daha yaxşı oldu. Düzdür, hamı eyni şəraitdə mübarizə aparır. Ancaq görünən odur ki, havaların da oyunumuza təsiri olacaq. Şikayət etmirəm, işimiz budur və layiqincə görməliyik. Bir neçə gündən sonra daha bir yoxlama görüşümüz var. Oynadıqca formaya düşəcəyimizə inanıram".

Millimizin üzvü gələcək karyerası ilə bağlı da danışıb. Yarımmüdafiəçi Avropada oynamaq istədiyini açıqlayıb: "Transfer məsələləri ilə  menecerim məşğul olur. Avropadan bir neçə təklifim olacağına inanıram. Menecerim özü də bunu təsdiqləyib. Ancaq hələ "Zirə" ilə müqaviləm var. İstəyirəm ki, ilk növbədə hazırkı komandama xeyrim dəysin. Ancaq xaricə oynamaq hamı kimi mənim də istəyimdir".

Qeyd edək ki, qəsəbə təmsilçisinin dünən "Səbail"lə keçirdiyi yoxlama görüşündə 2:2 hesablı heç-heçə qeydə alınıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest