UEFA İcraiyyə Komitəsinin bu gün baş tutan iclasında aşağı yaş qrupları üzrə yığmalar arasında Avropa çempionatlarının yeni təqvimi açıqlanıb.
 
Matc.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət milli komandaların mübarizə aparacağı Avropa çempionatının final mərhələsi 2 hissədən ibarət olacaq. Oyunlara əvvəlcədən də məlum olduğu kimi Macarıstan və Sloveniya ev sahibliyi edəcəklər.
 
Hazırda davam edən təsnifat mərhələsinə bu ilin sentyabr, oktyabr və noyabrında yekun vurulacaq. 9 qrup lideri və ən yaxşı göstəriciyə malik 5 qrup ikincisinə ev sahibləri qoşulacaqlar. Bununla da 16 yığma hərəsində 4 komanda olmaqla eyni sayda qrupa bölünəcək. Qrup mərhələsinin oyunları 24-31 martda olacaq. Qrupda ilk 2 yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanacaqlar.
 
Bu mərhələnin qarşılaşmaları isə 2021-ci il 31 may - 6 iyunda "8-lər finalı" formatında keçiriləcək.
 
Məlumat üçün deyək ki, Azərbaycanın U-21 yığması İsveçrə, Fransa, Gürcüstan, Slovakiya, Lixtenşteynlə birlikdə 2-ci qrupda mübarizə aparır. Xorvatiyalı mütəxəssis Milan Obradoviçin başçılıq etdiyi kollektiv 6 oyundan 6 xalla 5-ci sırada qərarlaşıb.
 
19 yaşadək futbolçular arasında Avropa çempionatının elit-raund mərhələsi avqustun 31-dən sentyabrın 8-dək keçiriləcək. U-21-lərdə olduğu kimi, burada da turnirin final mərhələsi 2 hissədən ibarət olacaq. Əvvəlcə (8-14 oktyabr) 8 komanda 2 qrupda mübarizə aparacaq. Şimali İrlandiyada baş tutacaq matçlardan sonra qruplarında ilk 2 yerin sahibləri final mərhələsinə adlayacaqlar. 3-cü yeri tutanlar isə U-20 yığmaları arasında dünya çempionatına qatılacaq 5-ci komandanı müəyyənləşdirmək üçün pley-off görüşündə üz-üzə gələcəklər.
 
Final mərhələsinin qarşılaşmaları 9-18 noyabrda Şimali İrlandiyada keçiriləcək.
 
17 yaşadək qadınlardan ibarət yığmalar arasında elit-raund mərhələsi 12-20 sentyabrda, final mərhələsi isə 4-10 oktyabrda keçiriləcək. Dünya çempionatına lisenziya xarakteri daşıyacaq turnir İsveçdə təşkil olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest