"Neftçi"nin sabiq futbolçusu Flavinyo "futebolnaveia.com.br" saytının suallarını cavablandırıb. Matc.az həmin müsahibəni təqdim edir

- Azərbaycana uyğunalaşa bilmişdiniz?

- Azərbaycan haqqında heç nə bilmirdim, bu ölkə barədə heç nə eşitməmişdim. Hətta düşünürdüm ki, müharibə ölkəsidir, çox qorxurdum. Amma hər şey tam fərqli imiş. Adaptasiya çox rahat oldu, insanlar mənimlə çox yaxşı rəftar edirdilər. Onlar Azərbaycanın ikinci Dubay, turizm ölkəsi olmasını istəyirlər. Baxmayaraq ki, Azərbaycan öz nefti ilə tanınır. Yeməkləri müxtəlifdir. Yanımızda tərcüməçi olurdu, portuqalca danışırdı. Bu isə işimizi asanlaşdırırdı. Mənim üçün ən böyük çətinlik mədəniyyətlə bağlı idi. Avropa ölkəsi olmasına baxmayaraq, insanlar hələ də əcnəbilər üçün çox qapalıdırlar. Amma klubda birgə oynadığımız və çalışdığımız adamlar bizə çox yaxşı münasibət göstərirdilər. Ailə kimi idik. Lakin alış-verişə, restorana, bazara gedəndə insanlar sənə başqa cür baxırdılar. Nəticə etibarilə oradakı illərim əla keçib. Buna görə minnətdaram, şikayət edəcəyim heç nə yoxdur. Orada yaşadığım müddətdə öz həyatım üçün dərs götürdüm.

- Braziliya futbolu ilə Azərbaycan futbolu arasında fərq böyükdür?

- Azərbaycan futbolu bizimkindən çox fərqlənir. Onlar 4-3-3 sxemi ilə oynayan Avropa standartlarını qorumağa çalışırlar. Daha çox fiziki və sürətli oyuna üstünlük verirlər. Texnika isə ikinci plandadır. çox qol vurulur, driblinqdən, fərdi keçidlərdən, baxımlı hücunlardan az istifadə edirlər. Daha kompakt oyun oynayırlar. Bu isə öz növbəsində mənə çox kömək etdi. çünki individual oynamağı, driblinq etməyi sevirdim. Orada mənim kimi futbolçular az olduğundan, gedən kimi fərqlənməyə başladım.

- Avroliqada oynamaq necə hiss idi?

- Braziliyanın 4 çempionatında oynasam da, bu, mənim karyeramnın pik nöqtəsi idi. Ən yaddaqalan oyunum İtaliyada "İnter"ə qarşı olub. Heç vaxt yaşamadığım hissləri keçirdim. Azərbaycana gedəndə bilirdim ki, onların avrokubok təqvimi var. Amma Avroliqanın qrupunda oynamağı mümkünsüz hesab edirdim. Həmin musiqini "San Siro"da eşitmək... Heç şübhəsiz, mənim üçün ən təsirli məqam o stadiona ayaq basmaq olub.

- "Neftçi"nin heyətində 3 titul qazanmağınızı karyeranızın ən yaxşı mərhələsi adlandırmaq olar?

- 3 dəfə liqanı, 2 dəfə isə ölkə kubokunu qazandım. Yəni, 5 titulum var. Karyeramın ən yaxşı mərhələsini Azərbaycanda keçirmişəm. çünki orada heç vaxt qazanmadıqlarıma nail olmuşam. Orada ilin ən yaxşı oyunçusu, ölkənin ən yaxşı futbolçusu seçilmişəm. Bu mənada Azərbaycan karyeramın ilk 3 ilini ən yaxşı hesab edirəm.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest