Futbol üzrə Türkiyə Super Liqasının 32-ci turu çərçivəsində baş tutan "Ankaragücü" – "Qalatasaray" matçı bir sıra ilklərlə yadda qalıb.
 
Matc.az xəbər verir ki, İstanbul təmsilçisi bu oyunda 0:1 hesabıyla uduzmaqla 43 il sonra bir ilk yaşayıb.
 
"Sarı-qırmızılar"ın qələbə həsrəti 8 oyuna çatıb. Bununla da "Qalatasaray" ardıcıl 9 matçda qələbəyə həsrət qaldığı 1976/77 mövsümündən bəri ilk dəfə bir mövsümdə ardıcıl 8 oyunda xal itkisi ilə üzləşdi.
 
"Qalarasaray"ın baş məşqçisi Fatih Terim isə karyerası ərzində "Ankaragücü"nə Super Liqada ilk dəfə məğlub olub. Təcrübəli mütəxəssis daha öncə bu komandaya qarşı keçirdiyi 17 oyunda heç vaxt xalsız qalmamışdı.
 
Bu oyun "Qalatasaray"ın 17 yaşlı müdafiəçisi Emin Bayram üçün də əlamətdar olub. Terim kapitanlıq sarğısını məhz bu oyunçuya həvalə edib. Bununla da sözügedən müdafiəçi "Qalatasaray"ı kapitan sarğısı ilə meydana çıxaran ən gənc futbolçu kimi tarixə keçib. O, həm də Super Liqada ilk dəfə oyuna start heyətdə başlayıb. Emin bu mövsüm 3 çempionat oyununa sonradan çıxmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest