Topaz Premyer Liqasının XIII turunda keçirilən "Sabah" - "Neftçi" görüşündə baş verənlər hər iki klubu bəyanat yaymağa vadar edib. Matç.az saytı xəbər verir ki, əvvəlcə "Sabah" rəqib komandanın azarkeşlərinin davranışından narazılığını bildirib.

Debütant "Neftçi" fanatlarının onların ünvanına təhqiramiz ifadələr işlətdiklərini, 150-yə yaxın oturacağın sındırıldığını qeyd edib. "Sabah" tərəfi hətta qonaq komandanın rəsmilərini də tənqid edib.

"Sabah"ın bəyanatına "Neftçi" dərhal bəyanatla cavab verib. Ancaq ölkə çempionatının lideri rəqibin iradları ilə razılaşıb, öz azarkeşlərini diqqətli, təcavüzkar davranışlardan uzaq olmağa çağırıb. Rəhbərlik hətta çılğın azarkeşlərə gələcəkdə sanksiya tətbiq olunacağını da istisna etməyib.

"Neftçi"nin bu bəyanatı isə klub azarkeşlərinin kəskin narazılığına səbəb olub. "Forza-Neftçi" Fan-Klubunun rəhbəri Sübhan Əliyev bəyanatın paylaşıldığı statusa rəy bildirib və rəhbərliyi qorxaqlıqda günahlandırıb: "Qalstuklular, siz gedənsiz, biz qalanıq. Dünənin "Sabah"ından qorxub bəyanat yayırsızsa, sizdən fədakarlıq gözləmək olmaz. öz ... hər zaman azarkeşin üstünə atın, heç narahat olmuruq, vecimizə də deyil. çünki illərdi "kənar şəxs", "xuliqan" sözünə öyrəncəlidi "Neftçi" azarkeşi. İndi papağınızı qarşınıza qoyub fikirləşin ki, biz nə etdik? 2 yaşlı kluba görə sadiqlərimizi satdıq. Ayıb olsun sizə, "Sabah"dan fərqiniz yox imiş. Görünür, Rəhim Həsənov nə edibsə, elə yaxşı edib".

"Neftçi" fanatlarını ən çox qəzəbləndirən rəhbərliyin onları müdafiə etməməsi, əksinə, "Sabah"ın iradları ilə razılaşmasıdı. Azarkeşlər bu bəyanatı silməyi tələb edirlər. Onlardan biri oturacaqların onsuz da bərbad durumda olduğunu və "Sabah"da oynayan sabiq "Neftçi"liləri alqışladıqlarını vurğulayıb: "Əlincə Arena"nın oturacaqları elə gündə idi ki, üstünə oturanda belə sınırdı. Bizim uşaqların "Sabah"ın futbolçuları Saşa Stamenkoviçə, Erik Ramosa və Cavid İmamverdiyevə ünvanladığı alqışları unudub özlərindən söyüş uydurmasını hardan çıxardılar? Oyun bitəndən sonra biz stadionu tərk edən zaman "Sabah"ın 2-3 nümayəndəsinin gəlib fanatları qıcıqlandırmalarını hara yazaq bəs? Referini söymüşük - lap əcəb eləmişik. "Sabah"ı söyməmişik, stadionlarına ziyan vurmamışıq. Amma bundan sonra edərik - görərlər söyülmək, stadiona ziyan vurmaq necə olur".

Klub rəhbərliyini istefaya səsləməklə hədələyən fanatlar prezident Kamran Quliyevə də söz atıb, onun postunda müvəqqəti olduğunu xatırladıblar. Bir fanat isə acı həqiqəti söyləyərək, bəzi klubların necə azarkeş topladığını vurğulayıb: "Deyəsən sizə də zurna-balabanlı azarkeşlər lazımdı. Oyunun sonunda da 3-5 manat alıb getsinlər".

"Forza-Neftçi" Fan-Klubunun bəzi üzvləri hətta növbəti oyunları boykot etməklə klubu hədələyib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest