"Sabah" klubunun və Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin gələcəyi bəlirsiz olaraq qalır. Matc.az xəbər verir ki, 24 yaşlı forvard hələ də paytaxt təmsilçisi ilə razılığa gələ bilməyib.

"Sabah"la cari mövsümün sonuna qədər müqaviləsi olan Ramilin karyerasını Avropada davam etdirmək istədiyi sirr deyil. Ancaq koronavirus pandemiyası səbəbindən oyunçunun bu arzusunun gərçəkləşməsi real görünmür.

Bu halda Şeydayevin "Sabah"la müqavilə yeniləcəyi gözlənilir. Lakin tərəflər hələ ki razılığa gələ bilməyiblər. İddiaya görə, millimizin hücumçusunun şərtləri ilə rəhbərliyin tələbləri üst-üstə düşmür.

Məsələ ilə bağlı "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla əlaqə saxladıq. Klub rəsmisi matc.az saytına Ramil Şeydayevlə danışıqların davam etdiyini vurğuladı.

Həmidov oyunçunun klubla hansı şərtlərdə razılaşmamasına isə belə münasibət bildirib: "Bu, klubdaxili məsələdir. Danışıqların təfərrüatını açıqlaya bilmərik. Ramillə hər hansı bir anlaşma olan kimi rəsmi saytdan açıqlayacağıq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest