Azərbaycan Kubokunda 1/8 final mərhələsinin 3 görüşü başa çatıb. Matç.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, Topaz Premyer Liqasının təmsilçilərinin qalib ayrıldığı oyunlardan sonra mətbuat konfransı keçirilib.

Konfranslarda komandaların çalışdırıcıları fikirlərini bildiriblər.

Elşad Əhmədov ("Sabah"ın baş məşqçisi): "İlk dəqiqələrdən hesabı açmağımız bizə rahat oynamağa kömək oldu. Fərqi 2 topa çatdırandan sonra rəqib tamamilə həvəsdən düşdü. Birinci hissə bizim üçün daha ağır oldu. İkinci yarıda əsasən gənc oyunçulara üstünlük verdim".

Arif Rizvanov ("Ağsu"nun məşqçisi): "Qələbəyə görə rəqibi təbrik edirəm. Ustalıq səviyyəsi öz sözünü dedi. Təcrübəli futbolçularımız az olduğuna görə "Sabah"la bacarmadıq".

Aftandil Hacıyev ("Səbail"in baş məşqçisi): "Uzun yol qət etsək də, yaxşı oynadıq. Komandamdan razıyam. Lazım olan qələbəni əldə etdik. Böyük hesablı qələbə qazansaq da, rəqib topla oynaya bildiyini göstərdi".

Etibar İbrahimov ("Kəpəz"in baş məşqçisi): "Oyun zamanı da göründü ki, rəqib əbəs yerə Premyer Liqanın 3-cü pilləsində qərarlaşmayıb. Fərdi olaraq "Səbail" futbolçuları çox seçilirdi. Sürətdə rəqiblə ayaqlaşa bilmədik. Təəssüf ki, hesab böyük oldu, bu oyunun futbolçularıma gözəl dərs olacağını düşünürəm".

Elçin Dərgahquliyev ("Qaradağ Lökbatan"ın baş məşqçisi): "Premyer Liqa ilə Divizion arasındakı səviyyə fərqi özünü göstərdi. Futbolçularımızın çoxu 20 və daha aşağı yaşda idilər. Onlar ilk dəfə idi ki, Premyer Liqa klubu ilə oynayırdılar. Rəqibə uğurlar arzu edirəm, təəssüflənməyimə yeganə səbəb müdafiə xəttinin həddən artıq zəif çıxış etməsi oldu".

Qeyd edək ki, 1/8 finalda "Sabah" "Ağsu"ya (3:0), "Səbail" "Kəpəz"ə (4:0), "Sumqayıt" isə "Qaradağ Lökbatan"a (4:0) qalib gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest