"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Arsenal" heyətlə bağlı ciddi problemlər yaşayır. Matç.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, London klubu, xüsusən də, müdafiəçi sarıdan əziyyət çəkir.

Premyer Liqanın XVI turu çərçivəsində sabah "Haddersfild"i qəbul edəcək "topçular"da baş məşqçi Unay Emerini məhz müdafiə xətti narahat edir. İspaniyalı mütəxəssis həm "Haddersfild", həm də "Qarabağ"la qarşılaşmada kimlərə şans verəcəyini müyyənləşdirməkdə çətinlik çəkir.

"Mançester Yunayted"lə son görüşdə Rob Holdinqin də zədələnməsi ilə Emeri daha bir müdafiəçinin xidmətindən məhrum qalıb. Zədədən yeni qayıdan Konstantinos Mavropanos və Loran Keselnı kollektivə hələ qoşulmayıb. Gənc Xulio Plequezelo isə həkim nəzarəti altındadı. Hazırda məşqçilər korpusunun ixtiyarında cəmi 2 mərkəz müdafiəçisi qalıb ki, onlar da Şkodran Mustafi və Sokratis Papastatopulosdu. Bu amil də qarşıdakı matçlarda 3-lü mərkəz müdafiəçisi oynatmaq istəyən Emerinin planlarını pozur. O, zədədən yenicə qayıdan Naço Monrealı mərkəzə çəkib, Sead Kolasinaça sol cinahda  şans verə bilər. Həmçinin Stefan Lixtştaynerin də mərkəzdə yer alması istisna deyil. Digər variant isə komandanın 2 mərkəz müdafiəçisi ilə oynamasıdı.

Zədəlilərdən Koselnı "Haddersfild"lə matçı buraxıb, "Qarabağ"la görüşdə meydana çıxa biləcək. Mustafi ilə Papastatopulosdan biri sabah zədə alsa, Emeri məcburiyyətdən Azərbaycan çempionu ilə qarşılaşmada cinah oyunçularını mərkəzdə oynadacaq.

Bir müddətdi zədədən əziyyət çəkən yarımmüdafiəçi Məsut özilin də qarşıdakı oyunları buraxması gözlənilir.

Qeyd edək ki, "Arsenal" - "Qarabağ" oyunu dekabrın 13-də keçiriləcək. Son tur öncəsi London klubu qrup birinciliyini təmin edibsə, "Qarabağ" ən yaxşı halda 3-cü ola bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest