"Neftçi"nin mərhələ keçməsi, heç kimi aldatmasın" demək olmur, çünki dünəndən yazılanlara baxanda, elə heç kimin aldanmadığı görünür. Qələbə önəmli, mərhələ keçilməli idi, əks halda, "ağ-qaralar" daha ağır vəziyyətə düşəcəkdi. çatışmayan çox şey var. Ancaq bəziləri maraqlıdı.

Kimsə özünü aldatmasın. "Nefçi" "Şkupi"dən yaxşı komandadı və görüşə də favorit kimi çıxdı. Lakin "ağ-qaralar"ın meydandakı performansı tam əksini deyir. Qarşılaşmadan öncə rəqibin baş məşqçisi və futbolçuları təmsilçimizdən açıq-aşkar ehtiyat etdiklərini bildirirdilər. Düzdü, biz də "Neftçi"dən güclü oyun gözləmirdik. Elə çempionatın ilk turunda "Səbail"ə qarşı sərgilənən oyun bu görüşün də çox çətin keçəcəyinin siqnalı idi. Tək ümid avrokubok oyunu olduğu üçün komandanın daha istəkli, əzmkar olacağına idi. Ancaq olmadı. Köhnə futbolçulara deyəcək bir şey yoxdu, dəfələrlə onlar barəsində danışılıb. Axı yeni transferlər belə görüşlərdə daha fərqli çıxış etməlidirlər. ümumiyyətlə, komandada yaxşı deyə biləcəyimiz oyunçu yoxdursa, problem baş məşqçidi.

Füzuli Məmmədov "Neftçi"ni bu görüşə hazırlaya bilməmişdi. Təəssüf ki, çox nadir hallarda paytaxt təmsilçisinin meydanda nə etdiyini başa düşürük. Matçın ardından baş məşqqi oyunçuların niyə mərkəzdə top çevirdiyini bilmədiyini, onlara başqa tapşırıqlar verdiyini iddia etdi. Ancaq məsələ odu ki, futbolçular heç bir tapşırıq olmayanda bu cür oynayır. Məmmədov rəqibin qapandığını iddia edir. İnanın ki, bunu "Neftçi"in azarkeşləri də təxmin edərdi. Bəs o zaman baş məşqçi niyə bunu əsas gətirir? Axı əvvəlcədən də bilinən bir oyun üslubuna qarşı niyə hər hansı bir plan cızılmayıb? 90 dəqiqə boyunca "Neftçi"nin doğru-düzgün hücum qurduğunu, ard-arda 3-4 ötürmə etdiyini görmədik. Komandanın hücum xəttinin zəif görünməsi bizi aldatmasın. Bu, onların aşağı səviyyəli futbolçular olduğunu göstərmir. Sadəcə, kolektiv oyun və ya bəlli sistemin olmamasının fəsadlarıdı. Gedişat Məmmədovu bizə tanış acı sonluğa aparır. Növbəti turda ağır nəticələrin olması ehtimaldı. 

Cari mövsüm "Neftçi" rəhbəriyi mümkün uğursuzluğu baş məşqçi dəyişikliyi ilə yola verə bilməyəcək. çünki artıq bu üslub keçmir. Füzuli Məmmədovun komandasının çıxışı rəhbərliyin də aqibətini böyük ölçüdə bəlli edəcək. çünki növbəti fiasko ilə keçən mövsümdə azarkeşin baş məşqçini istefaya yollamaqla qane edilməsi çətin görünür. Onsuz klubun prezidenti Kamran Quliyev bütün limiti doldurub. Roberto Bordini tez-bazar göndərib, Məmmədovu baş məşqçi təyin etməklə, bir qədər vaxt qazana bilmişdi. Yerli mütəxəssisin komandanın başına keçməsi azarkeşlərin az-çox təpkisinin önünə keçmək üçün siyası bir qərar idi. çünki ötən mövsüm qəzəbli "Neftçi" fanatları Məmmədovun gəlişinə sərt təpki qoymadı. Əksinə, ona güvənilməsini müsbət qarşıladı. Ancaq durum indi daha kritikdi. çünki baş məşqçini göndərmək təpkilərin önünü almayacaq. Bu səbəbdən də ümid yalnız onun möcüzə edəcəyinə inanmaqdı. Qısası, rəhbərliyin ümidi Füzuli Məmmədova, onun işi isə Allaha qalıb.

HƏSƏN

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest