Dekabrın 11-də 21 yaşadək futbolçular arasında AVRO-2021-in püşkatma mərasimi keçiriləcək. Matç.az saytı xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutacaq tədbirin səbətləri və püşkatma prosedurunun detalları açıqlanıb.

Mərasim Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. Seçmə mərhələdə 53 komanda iştirak edəcək. Final mərhələsinin ev sahibləri Macarıstan və Sloveniya bu raunddan azaddı.

53 yığma püşkdən əvvəl 6 səbətə bölünüb. A, B, C, D və E səbətlərində 9, ən zəiflərin yer aldığı F səbətində 8 komanda yer alıb.

Azərbaycan millisinin də rəqibləri püşkatmada bəlli olacaq. Rəşad Sadıqovun baş məşqçisi olduğu yığmamız E səbətində qərarlaşıb.

Püşk komandaları 9 qrupa böləcək. Onların səkkizində 6, birində 5 komanda mübarizə aparacaq.

AVRO-2021-in seçmə mərhələsinin səbətləri

A səbəti: Almaniya, İngiltərə, İspaniya, Portuqaliya, Danimarka, Fransa, İtaliya, Serbiya, Xorvatiya;

B səbəti: Avstriya, İsveç, Belçika, Slovakiya, Polşa, Rumıniya, çexiya, Hollandiya, İsrail;

C səbəti: Yunanıstan, Ukrayna, Norveç, Rusiya, Türkiyə, İslandiya, Uels, İsveçrə, Monteneqro;

D səbəti: Bolqarıstan, Finlandiya, İrlandiya, Gürcüstan, Kosovo, Şotlandiya, Makedoniya, Belarus, Bosniya H.;

E səbəti: Ş.İrlandiya, Albaniya, Moldova, Litva, Qazaxıstan, Latviya, Azərbaycan, Ermənistan, Kipr;

F səbəti: Lüksemburq, Malta, Estoniya, Farer a., Cəbəllütariq, Andorra, San-Marino, Lixtenşteyn.

Püşkatma zamanı İspaniya ilə Cəbəllütariq, Kosovo ilə Serbiya eyni qrupa düşə bilməz. Münaqişəli digər ölkələr eyni səbətlərdə yer aldığından onları ayırmağa ehtiyac olmayıb.

Seçmə mərhələdə qrup qalibi olan 9 komanda final mərhələsinə vəsiqə qazanacaq. İkinci yer sahibi olanlardan yalnız ikisi pley-offa yüksələcək və sonuncu vəsiqə üçün mübarizə aparacaq. Ən yaxşı qrup ikinciləri ilk 5 yerin oyunlarında göstərilən nəticələrlə müəyyənləşəcək. Yəni 6 komandalı qrupun sonuncu yerin sahibi ilə matçlar müqayisə zamanı nəzərə alınmayacaq.

Artıq seçmə mərhələnin oyunlarının keçiriləcəyi tarixlər də bəllidi. Rəşad Sadıqovun komandası bu tarixlərdə seçmə oyunu keçirəcək:

Oyun günləri
18–20 mart 2019
3–11 iyun 2019
2–10 sentyabr 2019
7–15 oktyabr 2019
11–19 noyabr 2019
23–31 mart 2020
31 avqust–8 sentyabr 2020
5–13 oktyabr 2020
Pley-off: 9–17 noyabr 2020

Qeyd edək ki, Avropa çempionatının 12 komandalı final mərhələsi 2021-ci ilin iyun ayında keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest