Son dövrlər "Barselona"dan ayrılacağına dair müxtəlif xəbərlər dolaşan Argentina millisinin hücumçusu Lionel Messi, nəhayət ki, yekun qərarını açıqlayıb.
 
Matc.az xəbər verir ki, 33 yaşlı forvard hər şeyə sosial şəbəkə hhesabındakı paylaşım vasitəsilə aydınlıq gətirib.
 
Messi bildirib ki, Kataloniya təmsilçisini tərk etmək istəsə də, klub rəhbərliyi buna icazə verməyib. O, qalmasına rəğmən, klub prezidenti Xosep Maria Bartomeunu çox sərt tənqid edib:
 
"Xoşbəxt deyildim, getmək istəyirdim. Amma bunu etməyimə icazə vermədilər. Məhkəmə işləri ilə məşğul olmamaq üçün burada qalıram. Bartomeunun başçılıq etdiyi rəhbərlik sadəcə, faciədir.
 
Klub prezidentinə və kluba ayrılmaq istədiyimi bildirmişdim. Onlar bunu ötən mövsümün əvvəlindən bəri bilirlər. Son 12 ayda hər dəfə bunu onlara dedim. Mənim üçün çox çətin bir il oldu. Məşqlərdə, matçlarda, paltardəyişmə otağında çox acı çəkdim. Ayrılmaq qərarım yalnız "Bavariya"ya ağır məğlubiyyətlə bağlı deyildi. Uzun zaman idi bu qərarı düşünürdüm. 
 
Bartomeu mənə deyir ki, sadəcə 700 milyon avroluq məbləğ ödənilərsə, ayrıla bilərəm. Bu, mümkün deyil. Amma həmin Bartomeu mənə demişdi ki, bu mənim şəxsi qərarımdır. İndi isə sözünə əməl etmədi. Kluba ayrılmaq istədiyimi bildirdiyim zaman, bir dram başladı. Halbuki, kluba və prezidentə bütün ilboyu ayrılmaq istədiyimi bildirmişdim.
 
Həqiqət budur ki, bu klubda heç bir klub layihəsi yoxdur. Onlar sadəcə bir şey baş verdiyi zaman problemlərə "yamaq" vururlar. Həyatımın klubuna qarşı bir savaş başlatmaq istəmirəm və buna görə də qalıram!
 
Hazırda yeni baş məşqçimiz var. Kuman. Yeni fikirləri var. Bu gözəldir. Amma önəmli olan komandanın buna verəcəyi cavabdır. "Barselona"nı ən üst səviyyəyə daşımalıyıq".
 
Qeyd edək ki, daha əvvəl Britaniya mətbuatı Lionel Messinin "Mançester Siti" ilə anlaşdığını yazmışdı. Hücumçu 2004-cü ildən "Barselona"nın əsas komandasında çıxış edir. 33 yaşlı forvard bu müddət ərzində bütün turnirlər daxil olmaqla, 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest