Türkiyənin "Qalatasaray" klubu yeni transferi Oqenekaro Etebo ilə rəsmi müqavilə imzalayıb.
 
Matc.az xəbər verir ki, Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Neftçi"nin rəqibi olan İstanbul klubu nigeriyalı yarımmüdafiəçinin 2020/21 mövsümünün sonunadək icarəyə götürüldüyünü açıqlayıb.
 
"Sarı-qırmızılılar" bu keçid üçün 25 yaşlı futbolçunun məxsus olduğu İngiltərə "Stok Siti"sinə 675 000 avro ödəyəcək. Etebonun "Qalatasaray"dakı 1 mövsümlük maaşı isə 1 200 000 avro təşkil edəcək. "Cim-Bom" mövsümün sonunda 7 500 000 avro qarşılığında onu birdəfəlik transfer etmək hüququna malikdir.
 
Etebo 2018-ci ildən "Stok Siti"də çıxış edirdi. O, bu ilin əvvəlində "Xetafe"yə icarəyə verilmişdi. Nigeriya millisinin üzvü daha öncə "Las Palmas", "Feyrense" kimi klublarda da forma geyinib.
 
Qeyd edək ki, sentyabrın 17-də 8-ci km stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" oyununa saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest