"Qrupun aşkar favoriti Fransadı. Fikrimcə, qalanları ilə mübarizə aparmaq olar. Ancaq yeni baş məşqçinin seçimindən də çox şey asılı olacaq. Hətta qrup ikinciliyinə də iddia etmək mümkündü"

"Kifayət qədər güclü qrupdu. ümumiyyətlə, bizə hər dəfə çətin rəqiblər düşür". Bunu matç.az saytına açıqlamasında U-21 yığmamızın sabiq baş məşqçisi Yaşar Vahabzadə deyib.

Bu gün 21 yaşadək futbolçular arasında AVRO-2021-in seçmə mərhələsinin püşkatma mərasimi keçirilib və Azərbaycan millisi Fransa, Slovakiya, İsveçrə, Gürcüstan və Lixtenşteynlə birlikdə II qrupa düşüb.

Püşkatmanı dəyərləndirən Vahabzadə yalnız Fransanı digərlərindən fərqləndirib: "Qrupun aşkar favoriti Fransadı. Fikrimcə, qalanları ilə mübarizə aparmaq olar. Ancaq yeni baş məşqçinin seçimindən də çox şey asılı olacaq. Hətta qrup ikinciliyinə də iddia etmək mümkündü. Ancaq millimizin ora nə dərəcədə hazır olacağı çox önəmlidi. Futbolçularımızın oyun təcrübəsi olacaqmı, klublarında çıxış edəcəklərmi, yoxsa ikinci komandada yer alacaqlar? Klublarının əvəzedici heyətində olsalar, yığmamızın yeni baş məşqçisinin işi çox çətinləşəcək. Əsas komandada oynayanda mübarizə olur, ustalıqlarını artırırlar, təcrübəli oyunçulardan nəsə götürürlər".

AFFA Məşqçilər Komitəsinin üzvü U-21 yığmasının sabiq baş məşqçisi Rəşad Sadıqovun artıq heyəti formalaşdırdığını vurğulayıb: "Rəşad Sadıqov ötən seçmə mərhələnin son matçlarında yeni oyunçuları yoxladı, həmçinin Ukrayna, Bosniya və Herseqovina ilə yoxlama görüşlərində onları oynatdı. Artıq hazır komanda var. Bircə qalır uşaqların klublarında müntəzəm çıxış etmələri. Bundan əvvəlki turnirlərdən də yaxşı çıxış edib, daha yüksək nəticələr göstərmək lazımdı".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest