"Biz bunu əsas götürmüşük ki, əlbəttə, münaqişəni siyasi yolla həll etməyə üstünlük verilməlidir və uzun illər boyu bizim bütün fəaliyyətimiz buna yönəlmişdi. Bu səbəbdən, dünən və bu gecə Moskvada aparılmış məsləhətləşmələr çərçivəsində biz onlardan danışıqlar masası arxasında tam təslim olmalarını tələb etdik". Bunu Prezident İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibəsində deyib.
 
"Başa düşürük ki, Paşinyan rejimi yetərincə zəifləyib. Bu rejim daxili siyasi səbəblərə görə eskalasiyadan əvvəl də zəifləmişdi. İndi daha çox zəifləyib. Mən hesab etmirəm ki, indi Ermənistanda bir inqilab baş verməsi və qatı millətçilərin, radikalların, azərbaycanofobların hakimiyyətə gəlməsi Azərbaycanın xeyrinə olar. Buna görə biz razılaşdırılmış bəyanat çərçivəsində konkret tarixlər göstərilməsini təkid etmədik. Lakin, şübhəsiz ki, bu, erməni işğalçı qüvvələrinin bizim ərazilərdən razılaşdırılmış şəkildə çıxarılmasını nəzərdə tutur. Bəyanatda substantiv danışıqlara, yəni baza prinsiplərinə istinad edilir, orada isə hər şey konkret yazılıb: beş rayon nə vaxt azad ediləcək, daha iki rayon nə vaxt azad ediləcək".
 
Dövlət başçısı daha sonra danışıqlarla bağlı bunları qeyd edib: "Biz sabah başlamağa hazırıq. Buna görə hər şey ATƏT-in Minsk qrupunun fəaliyyətindən, onların iş qrafikindən asılıdır. Bizim tərəf dərhal başlamağa hazırdır. Yeri gəlmişkən, deməliyəm ki, bəyanatın mətni ilə əlaqədar Azərbaycan tərəfinin bütün istəkləri nəzərə alınıb. Bəyanatın ilkin variantı tamam fərqli idi. Dünən mən onu görəndə dedim ki, bu, bizim üçün münasib deyil. Sənədi həddən artıq qəlizləşdirmək, ağırlaşdırmaq, danışıqlar prosesinin son mərhələsində müəyyən edilməli olan elementləri oraya inkorporasiya etməyə çalışmaq lazım deyil. Onu maksimum sadələşdirmək lazımdır. Yadımdadır ki, orada olmayanları nəzərə aldıq, danışıqlara dərhal başlamaq bəndinin daxil olunmasını xahiş etdik. Yəni, biz mümkün qədər tez nizamlamada maraqlıyıq. Ona görə ki, nizamlama bizim vətəndaşların, qaçqınların, daxili köçkünlərin öz evlərinə qayıtmalarına imkan verəcək". qafqazinfo.az
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest