Türkiyə çempionu "Başakşəhər"dən bu yay ayrılan braziliyalı futbolçu Robinyonun yeni iş yeri məlum olub.
 
Matc.az xəbər verir ki, 36 yaşlı futbolçu yetirməsi olduğu Braziliyanın "Santos" klubuna keçib.
 
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Təcrübəli hücumçu ilə 5 aylıq müqavilə imzalanıb. 2021-ci ilin fevralınadək davam edəcək sözləşmə müddətində braziliyalı forvard ayda 1500 Braziliya realı (271 ABŞ dolları) maaş alacaq.
 
Qeyd edək ki, Robinyo peşəkar karyerasına 2002-ci ildə məhz yetirməsi olduğu "Santos"da başlayıb. O, bu komandada keçirdiyi 108 oyuna 47 qolla yadda qaldıqdan sonra 2005-ci ildə Madrid "Real"ına transfer edilib. 2008-ci ildə "Mançester Siti"yə transfer olunan futbolçu 2010-cu ildə icarə əsasında "Santos"a qayıtsa da, elə həmin il "Milan"ın sıralarına qoşulub. "Santos" hücumçunu 2014/15 mövsümündə də "Milan"dan icarəyə götürüb. Bu dəfə isə klub onu birdəfəlik transfer edib. Halbuki, Braziliya klubu maliyyə çətinlikləri səbəbindən Robinyonu transfer etmək imkanlarının olmadığını bəyan etmişdi. Braziliya yığmasının sabiq forvardı isə aylıq 10 Braziliya realı (1.8 dollar) qarşılığında yenidən bu kluba qayıtmağa hazır olduğunu açıqlamışdı. Məhz bundan sonra tərəflər arasında yekun danışıqlara start verilmişdi.
 
Robinyo "Santos"la iki dəfə Braziliya çempionu, habelə, Libertadores Kubokunun qalibi olub. O, Braziliya yığmasında 100-dən çox oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest