Baş Prokurorluq ermənilərin Tərtərdə qəbiristanlıqda mülki şəxsləri atəşə tutması barədə açıqlama yayıb.
 
Açıqlamada deyilir:
 
Ermənistanın silahlı qüvvələri 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini törətməkdə davam edir.
 
Bu gün saat 13 radələrində düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər şəhər qəbiristanlığının dəfn mərasimi keçirilərkən qəsdən ağır artilleriyadan intensiv atəşə tutulması nəticəsində həmin zaman orada olan şəhər sakinləri 1989-cu il təvəllüdlü Orucov Pərviz Novruz oğlu, 1962-ci il təvəllüdlü Rüstəmov Vasif Bahadur oğlu və 1988-ci il təvəllüdlü Zamanov Şakir Xasay oğlu həlak olmuş, Məmmədov Fizuli Əli oğlu, Əmirov İsgəndər Yelmar oğlu, Allahverdiyev Elsevər Vəli oğlu, Əmirov Nofəl Yelmar oğlu və Qəzənfərli Rəfael Qəzənfər oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişlər.
 
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest