"Ermənistan humanitar atəşkəsi açıq şəkildə pozaraq döyüş təyyarələrindən Azərbaycan silahlı qüvvələrinin mövqelərini bombalamaq üçün istifadə etdi".
 
Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitterdə bildirib.
 
Hacıyev daha sonra sual edib: "Ermənistan tərəfinə necə etibar edə bilərik?"
 
Xarici İşlər Nazirliyi də Ermənistanın riyakarlığı ilə bağlı rəsmi açıqlama yayıb:
 
"Azərbaycan bir daha xoş niyyətini nümayiş etdirərək humanizm prinsipləri əsasında 18 oktyabr tarixində humanitar atəşkəsə razılıq verdi. Ermənistan silahlı qüvvələri razılıq elan olunduqdan dərhal sonra yerli vaxtla saat 00:02 radələrindən etibarən Azərbaycanın Cəbrayıl şəhərini, eləcə də Cəbrayıl rayonunun Araz çayı boyunca yerləşən işğaldan azad olunmuş kəndlərini minaatan və artilleriya qurğularından atəşə tutub. Gecə saat 00:05 -dən 03:25-dək atəşkəsi pozan Ermənistan silahlı qüvvələri iriçaplı silahlardan istifadə edərək iki dövlətin sərhədində Azərbaycanın Gədəbəy və Tovuz rayonlarındakı Azərbaycan mövqelərini atəşə tutub. Atəşin dayandırılması razılığına rəğmən gecə ərzində cəbhədə vəziyyəti gərgin saxlayan Ermənistan silahlı qüvvələri səhər saat 07:00-dan Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində hücum cəhdi göstərib.
 
İkinci dəfə elan olunmasından sonra Ermənistan tərəfindən humanitar atəşkəsin kobud şəkildə pozulması Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini davam etdirdiyini və onun münaqişənin danışıqlar yolu ilə həllinə biganə olduğunu nümayiş etdirir. Bu, həmçinin humanitar atəşkəsə razılıq əldə edilməsi üçün çalışan vasitəçilərin səylərinə Ermənistanın hörmətsizliyidir.
 
Azərbaycan humanitar atəşkəsə sadiqdir, lakin öz mülki əhalisini və mövqelərini müdafiə etmək üçün cavab tədbirləri görmək hüququnu özündə saxlayır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest