26 Oktyabr 2020, 10:16
DİGƏR
"Ermənistan baş naziri humanitar atəşkəs rejiminə riayət etmək barədə 08.00 radələrində Ermənistanın atəşkəsə riayət etməsi barədə açıqlama verdikdən dərhal sonra Ermənistan silahlı qüvvələri Laçın rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini artilleriyadan atəşə tutublar". Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, Tərtər rayonu və ətraf kəndlərin mülki əhalisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub:
"Həmçinin, Ermənistanın Berd, çəmbərək və Vardenis rayonları ərazisindən müvafiq olaraq Gədəbəy, Tovuz və Daşkəsən rayonlarındakı mövqelərimiz atəşə məruz qalıb.
10 oktyabrda Moskva bəyanatının ardınca Ermənistan ballistik raketlə Gəncə şəhərinin mülki əhalisini atəşə tutmuşdu. 18 oktyabrda Fransanın vasitəçiliyi ilə razılışdırılmış humanitar atəşkəs rejimini də Ermənistan tərəfi kobud şəkildə pozmuşdur.
Bütün bunlar bir daha onu göstərir ki, Ermənistanın humanitar atəşkəsi sözdə dəstəkləyir, əməldə isə humanitar atəşkəsin arxasında gizlənərək Azərbaycan silahlı qüvvələrini və mülki əhalini atəşə tutmaq, qüvvələrini təmərküzləşdirmək və yeni mövqelər əldə etmək üçün istifadə edir.
Ermənistanın məqsədi işğala əsaslanan status-kvonu saxlamaq və möhkəmləndirməkdir.
Azərbaycan tərəfi təmkin nümayiş etdirir. Humanitar atəşkəsin pozulması barədə məlumatlar toplanır və aidiyyəti üzrə həmsədr ölkələrə məlumat verilir.
Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür".