Avrokubokların 2018/19 mövsümü Azərbaycan üçün başa çatıb. Matç.az saytı xəbər verir ki, mövsüm ümumilikdə uğursuzluqla nəticələnib.

Belə ki, qitə miqyaslı turnirlərdə çıxış edən təmsilçilərimiz Azərbaycanın UEFA reytinqindəki əmsalına vur-tut 2,375 xal qazandırıb. ötən əsrin 90-cı illərində, elə indiki minilliyin əvvəllərində də bu nəticə bizim üçün fantastik sayıla bilərdi.

Amma son 7 mövsümdə adət etdiyimiz daha yüksək nəticələr fonunda bu dəfə antirekord qeydə alındı. Belə ki, son 7 ildə belə zəif nəticə olmamışdı.

Bu, həm xal, həm də mövsümdəki yerlə bağlıdı. 2,375 xal qazanan Azərbaycan UEFA-ya üzv olan 55 ölkə arasında 34-cü olub. Rumıniya ilə eyni göstəriciyə malik olsaq da, sonda onlar 33-cü, biz 34-cü yerlə kifayətləndik.

Klublarımız ölkəni belə aşağı pilləyə çoxdandı salmırdı. Sonuncu belə uğursuzluq 2011/12 mövsümündə yaşanmışdı. Həmin vaxt 1,375 xal qazanan ölkəmiz Avropanın 37-cisi olmuşdu.

Son 3 ildə 4 xal həddini keçən, ardıcıl 2 dəfə özü üçün rekord olan 21-ci sırada qərarlaşan Azərbaycanın enişi səbəbsiz deyil. Səbəb "Qarabağ"ln Avropada tək qalmasıdı.

Digər üç komandamız – "Keşlə", "Qəbələ" və "Neftçi" Avropa Liqasının artıq 1-ci təsnifat mərhələsində mübarizəni dayandırıb. Onların hərəsi cəmi 1 qələbə qazanıb ki, bu da reytinq üçün 0,250 xal deməkdi.

üç klub birlikdə "Qarabağ"ın topladığının yarısından da aza nail olub. Digər təmsilçilərimizin dayanmasından sonra tək qalan Ağdam klubu isə 1,625 xalla kifayətlənib.

Digər üç komandanın hər biri bunun heç olmasa yarısını yığsaydı, əmsalımız 4-dən yuxarı, mövqeyimiz isə siyahının ortalarında, təxminən 23-30-cu yerlər arasında olardı.

Azərbaycan son 7 mövsümdə

mövsüm

xal

yer

2012/13

3,000

26

2013/14

2,500

29

2014/15

3,625

24

2015/16

4,375

23

2016/17

4,250

21

2017/18

4,375

21

2018/19

2,375

34

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest