Azərbaycan Premyer Liqasında IX tura yekun vuruldu. Matc.az xəbər verir ki, turun mərkəzi qarşılaşması səs-küylə yadda qaldı.

Uzun müddətdi dövlətin yağ-bal içində bəslədiyi "Neftçi" öz meydanında əzəli rəqibi "Qarabağ"la qarşılaşmada qapısından 6 cavabsız top buraxdı. Həm də Avropa Liqasının qrup mərhələsində mübarizə aparan "Qarabağ"ın ev oyunlarını Türkiyədə keçirməsi səbəbindən bu görüşə yorğun çıxacağı, meydan sahiblərinin isə rəqibinin yollarda qalmasından maksimum yararlanıb, ən azından uduzmayacağı proqnozlaşdırılırdı. Amma...

...media illərdi "Neftçi" rəhbərliyinin yarıtmaz fəaliyyətindən bəhs etsə də, futbol hazırda ölkədə gündəm deyil. İdman mart ayından dünyanı başına götürən COVİD-19 koronavirus pandemiyası, 1 aydan çoxdur davam edən Vətən müharibəsinə görə kölgədə qalıb. Ancaq görünən odu ki, məhz bundan da istifadə edənlər var. "Neftçi" rəhbərliyi dövlətin ayırdığı milyonlarla komandanı gücləndirmək, Avropada uğurla çıxış etmək əvəzinə, qapazaltı komandaya çevirib. Rəhbərlikdə isə klubun simasını düşününlər deyil, maddi maraqlarını güdən səriştəsizlər oturub.

Bu məğlubiyyət - özü də bütün Azərbaycanın ordumuzun Şuşanın erməni işğalından azad edilməsi xəbərini bayram etdiyi gündə - azarkeşlərin səbr kasasını daşırdı. Komandanın rüsvayçı çıxışı haqlı narazılıqlara səbəb oldu və "Forza-Neftçi" Azarkeş Qrupunun rəhbəri Sübhan Əliyev 0:6 hesablı biabırçı nəticəyə görə klub rəhbərliyinin ünvanına sərt ittihamlar səsləndirdi.

"Bu gün "Neftçi" – "Qarabağ" oyunu bizlərə "Neftçi"nin "Qəbələ"yə 0:8 hesabı ilə uduzduğu görüşü xatırlatdı. O vaxt "torba tikmə" əməliyyatı olmuşdusa, elə bu gün də eynisi yaşandı", deyən Əliyev klubun baş məşqçisi Füzili Məmmədovu topa tutub: "Ay Füzuli, sən məşqçi deyilsən, məşqçi olmayacaqsan. Keçək əsas mətləbə: Yaxın günlərdə "Neftçi"də çox güman istefalar olacaq. Bu, qaçılmazdı".

Əliyev klub prezidenti Kamran Quliyevi də hədəfə alıb: "Unutma Kamran Quliyev. çıx get. Xalq, azarkeş hər şeyi görür. Həyatımızı qurban verdiyimiz "Neftçi"mizin adına ləkə gətirdiz. Allaha and olsun, bunları sizə bağışlamayacağıq. Güvəndiyimiz dövlətimiz var. "Neftçi"dən apardığın pul haramın olsun. "Neftçi" rəhbərliyi hamısı istefa verməli yox, hamısı qovulmalıdır".

"Forza-Neftçi" rəhbəri rüsvayçı yenilgidən sonra həmçinin qeyd edib ki, qeyrəti olan kəs 0:6 hesabından sonra klubda qalmaz...

ANAR

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest