"Bu illər ərzində 50-60 milyon vəsait xərclənib. Anti-rekordlar isə davam edir. Nə "Neftçi"nin adına layiq nəticələr var, nə də fanatların mənəvi rahatlığı. Heç kim də hesabat vermir"

"Neftçi" tarixi yükü olan çox ağır klubdur. Kimliyindən asılı olmayaraq, komandaya dəvət alan şəxslər, istər rəhbərlik səviyyəsində, istərsə də baş məşqçilikdə, böyük yük, məsuliyyət altına girmiş olur". Matc.az xəbər verir ki, bunu "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov deyib.

Süleymanov, gedənlərin klub və azarkeşlərlə bərabər, özlərinə də ziyan vurduğunu düşünür: "Neftçi"də ya nəticə qazanmalısan, ya da yola salınacaqsan. üçüncü yol yoxdur. Baxmayaraq ki, klubda heç kimə uzun müddət vaxt verilmir, bu sarıdan da bəxt gətirmişdi, kifayət qədər zaman var idi. Bu günləri görərək "Neftçi" adına sözümüzü, pozitiv tənqidi fikirlərimizi, təkliflərimizi geniş olaraq vaxtında bildirmişik. Təəssüf ki, nəticələr çıxartmaq əvəzinə fərqli yol seçildi. Bunun acısını həm komanda, azarkeşlər, həm də özləri çəkmiş oldular. Gedənlərin arxasınca danışmazlar. Yerli mütəxəssislərdi, səhvlər təhlil edilməli, nəticə çıxarılmalıdır. Hər ikisinə gələcək fəaliyyətlərində uğurlar arzu edirəm".

Onun sözlərindən başa düşmək olar ki, Samir Abasov üçün "Neftçi"də uğur qazanmaq elə də asan olmayacaq: "Bilirsiniz ki, həmişə yerli məşqçilərə, mütəxəssislərə dəstəyimizi əsirgəməmişik. "Neftçi" kimi klubda minimum vəzifə çempionluq, kubokdur. Davamı isə Avropa qruplarıdır. Komandanın durumundan asılı olmayaraq, tələblər, təzyiqlər pik həddə olur. "Neftçi" fərqli klubdur. Samir Abasova uğurlar arzu edirəm".

Süleymanov bildirib ki, "Neftçi"nin dərdi tək baş məşqçi deyil: "Son 5-6 ildə "Neftçi"yə təyin edilən baş məşqçilərin, əcnəbi, yerli, fərq etməz, sayı-hesabı itib. Köməkçilər iki-üç qat daha çoxdur. Gətirilən legionerlərdən isə danışmağa dəyməz, 50-60-ı keçib. Yerli futbolçuları nəzərə alsaq, ümumilikdə100-ü ötüb. 3-4 partiya rəhbər heyət dəyişib. Bu illər ərzində 50-60 milyon vəsait xərclənib. Anti-rekordlar isə davam edir. Nə "Neftçi"nin adına layiq nəticələr var, nə də fanatların mənəvi rahatlığı. Heç kim də hesabat vermir.

Hər gələn gəlir, illər itirilir və heç nə olmamış kimi gedirlər, yola salınırlar. İtirən "Neftçi" olur. Dəfələrlə bildirmişəm, "Neftçi"nin dərdi tək baş məşqçi problemi deyil. Təsisçi sponsorlar nəhayət ki, kluba şərait yaratmaqla yanaşı strateji olaraq daha ciddi yanaşmalı, addımlar atmalıdırlar. Son illərin biabırçı nəticələri onların da seçimlərdə çox böyük yanlışlıqlara yol verdiklərini sübut edir. İndiki kimi növbəti qurbanlar verilib, yeni qurbanlar seçimi kosmetik dəyişiklikdən, kimlər üçünsə vaxt udulmasından başqa bir şey deyil. "Neftçi" tarixi nəticələrinin qaytarılması üçün öncə işğaldan azad edilməlidir".


 ". sportinfo.az

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest