Azərbaycanlı idmançı Murad Əliyev Perunun təşkilatçılığı ilə keçirilən ağır atletika üzrə onlayn dünya kubokunda gümüş medal qazanıb.
 
Matc.az xəbər verir ki, 61 kq-da yarışan Elşən Məmmədov 200 kq (90+110) nəticə ilə B qrupunda 9-cu yeri tutub. 67 kq çəki dərəcəsində mübarizə aparan Murad Əliyev isə daha yaxşı göstərici əldə edib və birdən qaldırmada 120 kq, təkanla qaldırmada isə 139 kq-lıq nəticə göstərib.
 
Əliyev toplam 259 kq-la həm birdən qaldırmada, həm də ümumi göstəriciyə əsasən dünya kubokunun gümüş medalını qazanıb.
 
Əliyev gümüş medal qazandığı üçün şad olduğunu bildirib:
 
"Əlimdən gələnin maksimumunu etdim. Əminəm ki, gələn yarışlarda çempion da olaraq qızıl medala sahib çıxacam. Yarışa hazırlıq çətin keçdi. Pandemiya səbəbindən yarışlar, uzunmüddətli hazırlıq üçün təlim-məşq toplanışları olmadığından, yalnız məhdud imkanlarla, evimizin həyətində məşq edə bilirdim. üstəlik, son iki ayda cəbhədə baş verənlər də psixoloji baxımdan hazırlaşmağa, idmana köklənməyə mane olurdu. Ancaq məşqçilərimin əməyi sayəsində lazımi formanı yığa və saxlaya bildim. Bu günlərdə xalqımızın qələbə sevincinə mənim də kiçik qatqım olacağına görə sevincliyəm. Mən də şuşalıyam. 28 il işğal altında olan torpaqlarımızın azad olunması hamımızı sevindirdi. Şuşada Azərbaycan bayrağının dalğalanması məni də duyğulandırdı. Bu uğurumu böyük qələbəmizi təmin edən Azərbaycan ordusuna həsr edirəm. Hər bir əsgərimizə təşəkkür edir, onlara minnətdarlığımı bildirirəm. Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun bu qələbəsi heç vaxt unudulmayacaq. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarılarımıza isə şəfa diləyirəm. Qarabağ – Azərbaycandır!"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest