Futbol üzrə Serbiya milli komandasının 4 üzvü koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə Serbiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
COVİD-19 testi pozitiv çıxanlardan üçü futbolçu, biri isə fizioterapevtdir. Həmin şəxslər dərhal təcrid edilib.
 
Qeyd edək ki, koronavirus aşkarlanan futbolçuların kimliyi də bəllidir. Bunlar qapıçı Corce Nikoliç, yarımmüdafiəçilər Sergey Milinkoviç-Saviç və Darko Lazoviçdir.
 
Daha əvvəl Serbiya yığmasında Aleksandar Kolarovun testi pozitiv çıxmışdı və o, məxsus olduğu Milan "İnter"inin düşərgəsinə dönmüşdü.
 
Serbiya yığması bu gün UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində Rusiya millisini qəbul edəcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest