Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya A Seriyasında komandaların çempionluq şanslarını dəyərləndirib.
 
Matc.az xəbər verir ki, 63 yaşlı italyan mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında 8 turdan sonra 20 xalla turnir cədvəlinə başçılıq edən "Milan"ın çıxışına təəccübləndiyini bildirib:
 
"Mövsümün hazırkı mərhələsində kimin favorit olduğunu demək çətindir. "Yuventus" hər zaman hamının udmaq istədiyi komanda olacaq. "Milan"da baş məşqçi Stefano Pioli gənclərdən maksimum yararlanaraq, yaxşı balans yarada bilib. Komanda bu mütəxəssislə uzağa gedə bilər. Amma "İnter"dən ehtiyatlanmaq lazımdır. çünki keyfiyyətli kollektivdir. Antonio Konte təcrübəsi və qətiyyəti sayəsində daha yaxşısını edə bilər. Mövsümün sonunda "Milan", "Yuventus", "İnter" və "Roma"nın çempionlar Liqasına vəsiqə qazanacağını düşünürəm".
 
"Milan"ın hücumçusu Zlatan İbrahimoviçlə "Yuventus"un forvardı Kriştiano Ronaldonu da müqayisə edən De Byazi isveçli futbolçunun daha qətiyyətli olduğunu vurğulayıb: "Yuventus" Ronaldosuz da güclü olacaq. Əlbəttə ki, bununla portuqaliyalı ulduzun komandası üçün əhəmiyyətini azaltmaq istəmirəm. çünki bu, axmaqlıq olardı (gülür). Amma xarakterinə görə İbrahimoviç "Milan"ın mütləq lideridir. O, baş məşqçiyə həm gənc futbolçuları, həm də paltardəyişmə otağındakı vəziyyəti idarə etməkdə kömək edir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest