Joze Mourinyonu istefaya göndərən "Mançester Yunayted"in baş məşqçi postuna namizədlərlə bağlı müzakirələr geniş vüsət alıb. Matç.az xəbər verir ki, təkcə işsiz olan mütəxəssislər deyil, hətta müqavilə ilə hansısa komandaya bağlı olanların da "Old Trafford" perspektivi müzakirəyə çıxarılıb.

Mümkün variantlar sırasında Uels yığmasının baş məşqçisi Rayan Qiqqz də var. "Mançester Yunayted"in əfsanəvi futbolçu sabiq klubuna yeni ampluada qayıda bilər. Digər namizədlər kimi real təklif almayan uelsli adı komandayla yanaşı hallananlar sırasındadı.

Əgər gənc çalışdırıcı sabiq komandasına qayıtsa, AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasına rəqib olan Uels başsız qalacaq. 45 yaşlı Qiqqzin lehinə və əleyhinə olan amillər də dəyərləndirilir.

Onun "Old Trafford"da əfsanə olması, futbolçu karyerası boyu klubuna sadiq qalması, ardınca məşqçiliyə də bu komandada başlaması da onun təyinatını inandırıcı edir. "Mançester Yunayted"ə, onun əhatəsinə, azarkeşlərinə bələd olan Qiqqz üçün Premyer Liqada da hər hansı qaranlıq məqam yoxdu.

Klubunda David Moyes və Lui van Qalın köməkçisi olduqdan sonra 2018-ci ilin yanvarında Uels yığmasına rəhbərlik etməyə başlayan mütəxəssisin yolunu da bu amil kəsə bilər.

AVRO-2020-yə vəsiqə uğrunda Xorvatiya, Slovakiya, Macarıstan və Azərbaycanla mübarizə ərəfəsində yığmadan ayrılmaq qərarı asanlıqla başa gəlməz. Britaniyalı həmkarlarımız iddia edir ki, real təklif olarsa, Qiqqz həyatının seçimini etmək məcburiyyətində qalacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest