Komandada üzvləri arasında koronavirusa kütləvi yoluxma hallarına görə istirahətə buraxılan "Neftçi" yenidən məşqləri bərpa edib.
 
Matc.az xəbər verir ki, bu barədə "Report"a paytaxt təmsilçisinin baş məşqçisi Samir Abasov məlumat verib.
 
42 yaşlı mütəxəssisin sözlərinə görə, komanda 13 nəfərlə hazırlığa başlayıb: "Kollektiv mənsiz yığışıb. 13 nəfərdən 2-si qapıçıdır. Səlahət Ağayev uzun müddətdən sonra məşqə qatılıb. Halbuki zədəsi tam sağalmayıb. Təsəvvür edin, vəziyyət nə dərəcədə ağırdır".
 
Abasov komandada yeni yoluxma faktının aşkarlanmadığını söyləyib: "Hamısı əvvəlki oyunçulardır. Dünən Yusuf Lavalın qızdırması var idi. Dərhal testə göndərdik. Bu gün cavab gəldi. Şükürlər olsun ki, cavabı neqativ çıxdı, özü isə komandaya qoşuldu. çox sevindik. Görün, nə vəziyyətdəyik ki, bir futbolçudan şad xəbər gələndə sanki bizə dünyanı verirlər".
 
Bir müddət öncə koronavirusa yoluxmuş baş məşqçi xəstəliyi ağır keçirdiyini söyləyib: "Müalicə davam edir. Evdə, təcrid olunmuşam. özümü qorumadığım üçün simptomlar ağır oldu. İndi də əziyyətini çəkirəm. Dekabrın əvvəlində təkrar test vermişdim, təəssüf ki, müsbət çıxdı".
 
Qeyd edək ki, hazırda "Neftçi"də Samir Abasovla yanaşı, onun köməkçiləri Qədir Həsənov və Vəfadar Quliyev, həmçinin qapıçı Kamran İbrahimov, müdafiəçilər Anton Krivotsyuk, Mert çelik, Mamadu Mboc və Voyislav Stankoviç, yarımmüdafiəçilər Fəhmin Muradbəyli və Sabir Buqrin aktiv koronavirus xəstələridir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest