"Maraqlı və çətin qrupa düşmüşük. Rəqiblərimiz də kifayət qədər güclüdür. Amma biz də rəqabət aparacağıq. İnam qələbənin yarısıdır".
 
Matc.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Azərbaycan millisinin futbolçusu Elvin Camalov 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkünü dəyərləndirərkən deyib.
 
25 yaşlı yarımmüdafiəçi komanda ilə yanaşı, baş məşqçi Canni De Byaziyə də inandığını bildirib. O, yaxşı nəticələr üçün əllərindən gələni edəcəklərini söyləyib: "Qrupda maksimum xal qazanmağa çalışmalıyıq. Məqsədimiz ölkəni layiqincə təmsil etməkdir".
 
"Zirə" klubunda çıxış edən Camalov Azərbaycan Premyer Liqasının davam etdirilməsinin tərəfdarı olduğunu vurğulayıb: "çempionatla bağlı hansı qərarın veriləyəcəyini gözləyirik. Düşünürəm ki, Premyer Liqada mübarizə davam etdirilməlidir. Biz vəziyyətlə barışaraq, virusla yaşamağı öyrənməliyik. Hamı, o cümlədən, futbolçular və məşqçilər maksimum qorunaraq, yoluxmanı minumuma endirərək yola davam etməlidir".
 
Yarımmüdafiəçi koronavirusa yoluxmaqdan qorxmadığını da diqqətə çatdırıb: "Maksimum dərəcədə qorunuram. Millinin heyətində komanda yoldaşlarım yoluxmuşdu. Elə də ağır keçirmədilər. Gəncəm və sağlam həyat tərzimiz var. Virusa yoluxsam, sağalacağam. Əsasən yaşlı insanların virusa yoluxmasından qorxurlar ki, onlar xəstəliyi ağır keçirirlər".
 
Qeyd edək ki, Azərbaycan yığması Dç-2022-nin seçmə mərhələsində Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birlikdə A qrupunda yer alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest