Azərbaycandan FİFA-nın "The Best" mükafatı üçün verilən səslərin ünvanları müəyyənləşib.
 
Matc.az xəbər verir ki, səsvermədə kişilərdən ibarət milli komandanın baş məşqçisi Canni De Byazi ilə kapitan Maksim Medvedev iştirak ediblər.
 
De Byazi və Medvedev eyni şəxslərə səs veriblər. Onlar Robert Levandovskini ən yaxşı futbolçu, Yurgen Kloppu ən yaxşı baş məşqçi kimi kimi fərqləndiriblər.
 
Qeyd edək ki, "The Best" mükafatına namizədlərin yekun "3-lüy"ünə İtaliya "Yuventus"undan Kriştianu Ronaldu, İspaniya "Barselona"sından Lionel Messi və Almaniya "Bavariya"sından Robert Levandovski düşüb.
 
Ən yaxşı baş məşqçi adına namizədlərin qısa siyahısında isə İngiltərə "Liverpul"undan Yurgen Klopp, "Lids Yunayted"dən Marselo Byelsa və Almaniya "Bavariya"sından Hans-Diter Flik qalıb.
 
Qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov və komandanın kapitanı Aysun Əliyevanın da "The Best" mükafatı üçün seçimləri bəlli olub. 33 yaşlı mütəxəssis İspaniya "Barselona"sında çıxış edən Cennifer Ermosonu ən yaxşı qadın futbolçu hesab edib. Əsgərov İngiltərənin "çelsi" komandasından Emma Heysi ən yaxşı baş məşqçi adına layiq görüb. Aysun Əliyeva da Siyəsət Əsgərovun səs verdiyi şəxsləri seçib.
 
Qeyd edək ki, FİFA-nın keçirdiyi səsvermədə yekun "3-lüy"ə qadın futbolçulardan Lüsi Brounz ("İngiltərə, "Mançester Yunayted"), Pernilla Harder (Danimarka, "çelsi") və Vendi Renar (Fransa, "Lion"), ən yaxşı baş məşqçilərdən isə Emma Heys (İngiltərə "çelsi"), Jan-Lük Vasser (Fransa, "Lion") və Zarina Viqmanı (Hollandiya millisi) düşüb. Bu isə Azərbaycan yığmasının baş məşqçi və kapitanının ən yaxşı futbolçu seçiminin yanlışlığı anlamına gəlir. (Report)
 
"The Best" mükafatı dekabrın 17-də təqdim olunacaq. Tədbir onlayn formatda təşkil ediləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest