Almaniyanın "Borussiya" (Münhenqladbax) klubu futbolçusu Markus Türamı cəzalandırıb.
 
Matc.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin idman direktoru Maks Eber klubun mətbuat xidmətinə açıqlamasında deyib.
 
O, Bundesliqanın 13-cü turu çərçivəsində "Hoffenhaym"a qarşı keçirilən oyunda rəqib komandanın futbolçusu Stefan Poşun üzünə tüpürən Türamın bir aylıq məvacibi dəyərində cərimələnəcəyini bildirib. 23 yaşlı hücumçunun aylıq maaşı təqribən 150 min avrodur.
 
Türam, qarşılaşmanın 79-cu dəqiqəsində Poşla girdiyi ikili mübarizədən sonra rəqibinin üzünə tüpürüb və qırmızı vərəqə alaraq meydandan qovulub. Fransız futbolçu etdiyi hərəkətə görə Poşdan və futbol ictimaiyyətindən üzr istəyib və emosional davrandığını etiraf edib.
 
Türamın Almaniya Futbol İttifaqı tərəfindən də sərt cəzalandırılması gözlənilir.
 
"Borussiya" – "Hoffenhaym" matçı qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest